Türkiyədə narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan müğənni İlyas Yalçıntaş barəsində səsləndirilən iddialara münasibət bildirib.
Medianews.az xəbər verir ki, Yalçıntaş sosial şəbəkə hesabında paylaşdığı açıqlamada hüquqi proses davam etdiyi üçün ətraflı danışmayacağını qeyd edib.
Müğənni evində narkotik maddə aşkarlanması ilə bağlı iddiaları təkzib edərək bildirib ki, mətbuatda "həssas tərəzi" kimi təqdim olunan əşya əslində kalori və qidalanma nəzarəti üçün istifadə etdiyi adi mətbəx tərəzisidir.
"Bəzi xəbərlərin əksinə olaraq, evimdə heç bir qadağan olunmuş maddə aşkarlanmayıb. Sözügedən tərəzi isə tamamilə qanuni şəkildə istifadə etdiyim adi mətbəx tərəzisidir", – deyə Yalçıntaş vurğulayıb.
Müğənni həmçinin Türkiyə ədalət sisteminə güvəndiyini bildirib və həqiqətlərin qısa zamanda üzə çıxacağına inandığını qeyd edərək, ictimaiyyəti istintaq başa çatanadək təmkinli olmağa çağırıb.
Xatırladaq edək ki, Bakırköy Respublika Prokurorluğunun "narkotik və psixotrop maddələrin istifadəsi, istifadəsinin asanlaşdırılması və bunun üçün şərait yaradılması" maddələri üzrə apardığı istintaq çərçivəsində sənət, biznes və əyləncə sahəsində tanınan 25 nəfərin saxlanılması barədə qərar verilib.
Saxlanılan şəxslər arasında müğənni İlyas Yalçıntaş da var. Hazırda şübhəlilərin polis və prokurorluqda ifadələri alınır, istintaq və digər hüquqi prosedurlar davam edir.

