Medianews.az UEFA-nın klub reytinqinə nəzər salıb.
İlk beşlikdə İngiltərə, İtaliya, İspaniya, Almaniya və Fransanın dayandığı reytinqdə Azərbaycan 55 UEFA üzvü arasında 27-ci pillədədir. Türkiyə 9-cu, Ukrayna 25-ci, Rusiya 30-cu, Moldova 33-cü, Ermənistan 34-cü, Qazaxıstan 37-ci, Latviya 39-cu, Estoniya 43-cü, Litva 46-cı, Belarus 50-ci, Gürcüstan 53-ci yerdə qərar tutub.
Klub turnirlərinin 2025-2026 mövsümündə 96 komanda qalır. Konfrans Liqasında 8 komanda 1/8 finalda, 16 komanda 1/16 finaldadır.
Çempionlar Liqası və Avropa Liqasının liqa mərhələləri bitmək üzrədir. 36 komandalıq bu raundları dəf etmək üçün azı 24-cü yeri tutmaq gərəkdir. Çempionlar Liqasında 15, Avropa Liqasında 19 komandanın mövsümü davam etdirəcəyi dəqiqləşib.
Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində 18-ci yerdədir.
UEFA-nın klub reytinqi klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Çempionlar Liqasının liqa mərhələsinə düşən komandalar 6 bonus xalı alır, həmin raundda ilk 8 pilləni tutan komandalara 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalara 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalara 2 bonus xalı verilir, 1/8 finaldan başlayaraq hər mərhələ 1,5 bonus xalı qazandırır.
Avropa Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalar 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalar 2 bonus xalı alır, 1/8 finaldan başlayaraq hər mərhələ 1 bonus xalı gətirir.
Konfrans Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar üçün 4 bonus xalı, 9-16-cı yerləri tutan komandalar üçün 2 bonus xalı, 17-24-cü yerləri tutan komandalar üçün 1 bonus xalı nəzərdə tutulur, 1/8 finaldan başlayaraq hər mərhələ 0,5 bonus xalına bərabər olur.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 5,625 əmsal əldə edib.
Toğrul Əli,
Medianews.az