Medianews.az
Udanda Qullit kraldır, uduzanda –
85 baxış

Udanda Qullit kraldır, uduzanda – Klüvert “neqr”?

Yazırlar ki, Niderland millisinin mundialın 1\16 final qarşılaşmasında Mərakeşə penaltilər seriyasında uduzan futbolçuları sosial şəbəkələrdə irqçi təhqirlərə məruz qalıblar. Məğlubiyyət yetimdir axı.

Həmin oyun doğrudan da qəribə qurtardı. Qaradərili oyunçular - Castin Klüvert, Kvinten Timber və Krisensio Sammervil topu qapıdan keçirə bilmədilər, nəticədə çempionluğa namizəd olan komandalardan biri xəlbirləndi, getdi.

Komanda uduzursa, günahkar tapılmalıdır, ya yox? Tapılmalıdır. Bunu kim tapmalıdır, mütəxəssislər, yoxsa azarkeşlər? Əlbəttə, ikincilər. Birincilər çox söz deyə bilər, əsas rəy yiyəsi ikincilərdir. Onlar bu işi bilirlər.

Ona görə də azarkeşlər Patrikin oğlu Castiniin ünvanına pis-pis sözlər deyiblər. Dünənə qədər bu azarkeşlər Patrik Klüvertlə qürur duyurdular, dərisinin rəngi yada düşmürdü. Niderland millisi qələbə qazansaydı və qollardan birini Castin vursaydı, hollandlar onu ən azı dəniz səviyyəsinə qaldıracaqdılar (bildiyiniz kimi, Niderland dəniz səviyyəsindən aşağıda yerləşir). Amma ortada məğlubiyyət var, bunda günahkar isə qaradərili oyunçulardır, ona görə də onlar yerin dibinə soxulmalıdırlar.

İndi bu məsələyə görə Niderlandda qanqaraçılıq var. Yerli əhalinin bir xeylisi Niderlandın müstəmləkələrindən gəlmiş, gətirilmiş insanların züryətidir. Onlar çoxdurlar və irqçi təhqirlər onların xətrinə dəyib, deyirlər, nə oldu, surinamlı qaradərili futbolçular Ruud Qullit, Frenk Raykaard Niderlandı Avropa çempionu (1988) edəndə yaxşıydı, onda onların dərisinin rənginə bir söz deyən yox idi, amma indi söhbətə niyə dəridən girilir?

Adamlar haqlıdırlar. Bu məsələdə qara dərinin, qıyıq gözün, yekə burunun, qıvrım saçın, danavari dişin heç bir rolu yoxdur. Top yumrudur, dığırlanıb iki dirəyin arasından keçmirsə, keçmir. Ta nə etmək olar? Adama deyərlər, öz ağdərilliləriniz belə yaxşı oynayan idilərsə, çıxıb oynayaydılar. Onlar kütləvi şəkildə Amsterdam kanallarının qırağında oturub siqaretə nəşə dolduranda, Castingil futbol meydançalarında tər tökür, can qoyurlar. Klubların uşaq məktəblərində top qovalayan surinamlı qara gədələr olmasa, Niderland futbolu bundan da pis gündə olar. Gerçəklik budur.

Niderland Futbol Federasiyası irqçi təhqirlərlə dolu mesajların yazılmasını qətiyyətlə pisləyib və bu yöndə hüquqi addımlar atacağını bəyan edib. “Hüquqi addım” deyəndə, elə bir şey olmayacaq, təhqir yazanların bir-ikisini cərimələyəcəklər, iş bağlanacaq. Bir də Memfis Depay kimisinin biri çıxıb deyəcək, iş ki belədir, milli karyerama son qoyuram. 2018-ci ildə Məsud ÖzİL Almaniya millisindən belə haqq-hesaba görə imtina etmişdi.

Azarkeşlər dünyanın hər yerində belədirlər: dərin düşünməzlər, çağırış-bağırışlarının beynəlxalq konvensiyalara, nəzakət qaydalarına, cinayət qanunvericiliyinə uyğun olub-olmamasına qoz qoymazlar.

Məsələn, mən özüm sovet dövründə Gəncənin “Kəpəz” və Mingəçevirin “Avtomobilist” komandalarının oyununda bir azarkeşin 90 dəqiqə boyunca gəncəli müdafiəçi Tofiqdən bu cür tələblər etdiyini görmüşəm: “Tofiiiiq, o 9 nömrənin qarnına bir təpik qoy, nasılkada getsin!”; “11 nömrənin qıçını qır, Tofiq, çox dingildəyir” və sair və ilaxır. Adam rəsmən Tofiqdən meydançada cinayət törətməsini tələb edirdi, yalnız ona görə ki, “Avtomobilist” həmin gün “Kəpəz”ə bərk dirəşmişdi.

Qayıdaq irqçiliyə. FİFA və UEFA neçə vaxtdır bu anormallıqla mübarizə aparır, azarkeşlərə müraciətlər edir, futbolçulara tövsiyələr verir, oyun zamanı yekəbaşlıq edən oyunçuları cəzalandırır. Hələ ki xeyri yoxdur. Bir qaradərili oyunçu ikili mübarizə zamanı topu ağdərilidən qapırsa, dərhal ən azı “meymun” adlandırılır. FİFA məhz bu səbəbdən əlini ağzına tutub mızıldanan futbolçulara cəza tətbi edir. Bu iş ilk dəfə bu mundialda, Paraqvay-Türkiyə matçında oldu. Paraqvayın 10 nömrəli oyunçusu Migel Almiron əlini ağzına tutaraq türkiyəli müdafiəçi Mərt Müldürə nəsə dedi və qırmızı kart alaraq meydançadan qovuldu. Dünən isə eyni hadisə Ekvador millisinin oyunçusu Pyero İnkapienin başına gəlib. O da əlini ağzına tutaraq meksikalı həmkarına nəsə xısıldayıb. Olay anındaca hakimə xəbər verilib, VAR-a baxıblar və Pyeronu atıblar bayıra.

İndiki alçaldılmışlar və təhqir olunmuşlar bicdirlər, Zidan kimi rəqibə kəllə qoyub qırmızı kart almırlar, hakimin üstünə qaçırlar, o da VAR-la məsləhətləşir, nəticədə çanaq rəqibini təxribata çəkənin başında çatlayır.

Azarkeşlərlə isə çətindir. Onlar çoxdurlar. Stadionda pis-pis sözlər bağırdıqları yetmir, gedib sosial şəbəkədə də latayır yazırlar, hətta bəzən qızışıb əllərinə düşən “legioner” oyunçuları döyürlər də. 3 il qabaq bizim Mahir Əmrəlini Polşada döyməmişdilərmi? Mahirin ard-arda qollar vuraraq qələbə qazandırdığı “Legiya” komandası bir dəfə uduzmuşdu, qızmış azarkeşlər komandanın avtobusuna doluşaraq o qədər oyunçunun içində iki legioneri (biri Mahir) seçib döymüşdülər. O da çox ləngimədi, Varşavanı tərk edib getdi.

Düzünə qalsa, bizim özümüzdə də bir az irqçilik var, amma biz bunu zarafata sala-sala (“qarabala”-filan) edirik. Ancaq ölkəmizdə Afrikanı təmsil edən komandalara əməllicə rəğbət var. İstəyirik onlar mundialda çox qabağa getsinlər.

Biz avropoid irqinin Qafqaz subirqinə məxsusuq, amma monqolid irqinin ünsürlərini də daşıyırıq (dəyirmi sifət, azca qıyıq göz, əsmər dəri və s.) və neqroidlərə azarkeşlik edirik. Bax, tolerantlıq budur.

Samir SARI 

Bizə qoşulun