Yüksək arterial təzyiqdən əziyyət çəkən insanlar axşam saatlarında gündəlik vərdişlərinə xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislərin sözlərinə görə, saat 17:00-dan sonra edilən bəzi səhvlər qan təzyiqinin normaya düşməsinə mane ola bilər. EatingWell nəşri bu barədə kardioloqların tövsiyələrini təqdim edib.
Medianews.az xəbər verir ki, yüksək təzyiq təkcə yaş və irsiyyətdən deyil, həm də həyat tərzindən asılıdır. Qidalanma, fiziki aktivlik və stressin idarə olunması qan təzyiqinə birbaşa təsir göstərə bilər.
Alkoqol qəbul etməyin
Axşam saatlarında alkoqol qəbul etmək rahatlaşdırıcı təsir bağışlasa da, o, qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Kardioloqlar ürək-damar sağlamlığını qorumaq üçün alkoqoldan mümkün qədər az istifadə etməyi tövsiyə edirlər.
Bu, pivə, şərab və digər spirtli içkilərə də aiddir. Araşdırmalar göstərir ki, hətta az miqdarda alkoqol belə qan təzyiqinə mənfi təsir göstərə bilər.
Bəzi reseptsiz dərmanlardan ehtiyatlı olun
İbuprofen və naproksen kimi qeyri-steroid iltihabəleyhinə preparatlar ağrını azaltmağa kömək etsə də, bəzi insanlarda arterial təzyiqi yüksəldə bilər. Bundan əlavə, burun tutulmasına qarşı istifadə olunan bəzi dərmanlar da oxşar təsir göstərə bilər.
Hipertoniya xəstələri bu cür preparatları mütəmadi qəbul edirlərsə, daha təhlükəsiz alternativlər barədə həkimlə məsləhətləşməlidirlər.
Duzlu qidalardan uzaq durun
Axşam yeməyi adətən gün ərzində ən çox duz qəbul edilən yemək olur. Bunun səbəbi porsiyaların daha böyük olması və hazır yeməklərə üstünlük verilməsidir. Mütəxəssislər hipertoniyası olan insanlara evdə hazırlanmış, az işlənmiş məhsullardan ibarət yeməklərə üstünlük verməyi, duz əvəzinə isə müxtəlif ədviyyatlar və göyərtilərdən istifadə etməyi tövsiyə edirlər.
Ekran qarşısında çox vaxt keçirməyin
Televizor, smartfon və digər elektron cihazların qarşısında uzun müddət qalmaq ürək-damar sağlamlığına mənfi təsir göstərə bilər. Bu, həm fiziki aktivliyin azalmasına, həm də emosional məzmunun yaratdığı stressə səbəb olur. Bundan əlavə, ekran qarşısında çox vaxt keçirmək yuxu müddətini azalda bilər ki, yuxusuzluq da qan təzyiqinin yüksəlməsi ilə əlaqələndirilir.
Axşam şirin qəlyanaltılar yeməyin
Axşam saatlarında müntəzəm şəkildə şirniyyat yemək qanda şəkərin səviyyəsinə və insulinin fəaliyyətinə təsir göstərə bilər. Zaman keçdikcə bu dəyişikliklər arterial təzyiqin idarə olunmasını da çətinləşdirə bilər.
Şirin qida qəbul etmək istəyənlərə bunu günün daha erkən saatlarında etmələri tövsiyə olunur. Məsələn, kiçik porsiya peçenye və ya digər şirniyyatları nahardan sonra yemək daha məqsədəuyğun hesab edilir.
Hansı qidalar təzyiqin azalmasına kömək edə bilər?
Alimlərin sözlərinə görə, tərkibində flavanollar olan şokolad və çay müəyyən hallarda arterial təzyiqin aşağı düşməsinə kömək edə bilər. Bu maddələr ürək-damar sağlamlığı üçün faydalı hesab olunur.
Bununla yanaşı, mütəxəssislər emal olunmuş ət məhsullarının müntəzəm istehlakının ürək-damar sistemi və qan təzyiqi üçün mənfi nəticələrə səbəb ola biləcəyini də vurğulayırlar.\Lent.az