Medianews.az
Travmatik məzmunlarla böyümüş
89 baxış

Travmatik məzmunlarla böyümüş nəslin zövqü

Balakişi müəllim düz deyir, müasir telekanallar özlərini yeni dövrə uyğunlaşdırmalıdırlar, gənclərin maraqlarına uyğun məzmun hazırlamalıdırlar.

Əlbəttə, gənclərlə yanaşı, uşaqların, yetkin insanların da maraq və zövqləri nəzərə alınmalıdır.
İndiki gənclər bilməz, uşaqlığı və erkən gəncliyi sovet dövrünə düşmüş adamların telekanallar və kontentlər arasında seçim etmək şansı yox idi. Milli telekanal bir dənə idi, səhər saat 8-də yayıma başlayır, günorta fasiləyə gedir, axşam saat 5-də yayımı bərpa edir, gün bitən kimi yayımı dayandırdı. Ekranda xəbərdarlq yazılırdı: “Televizoru söndürməyi unutmayın”.

Kontent məsələsi də beləydi: uşaqlar üçün multfilm verirdilər, oturub baxırdıq. “Nu poqodi”ni sevirdik, pişik Leopoldun siçovullarla mübarizəsini izləyirdik. “90 gün dünya ətrafında” multfilmi də əlaydı.
Amma sonra “Heyvandarlıq zərbəçi cəbhədir” rubrikası altında növbəti kolxoz və ya sovxozdan hazırlanmış əmək reportajına baxmalıydıq, 100 qoyundan 120 bala alan çoban-deputat bizə bu nailiyyətləri yoldaş Brejnevin atalıq qayğısı sayəsində qazandığını deməliydi (ertəsi gün və sonrakı günlər başqa bir ordenli çoban eyni sözləri birəbir təkrarlayırdı), daha sonra qurultay nümayəndəsi olan malabaxan çıxış etməliydi, kadrlarda iribuynuzlu mal-qaraya senoj, silos, şirəli yem paylayan, inəklərin yelininə süd aqreqatı qoşan ağ xalatlı sağıcı (həm də deputat) bacılar görünməliydi. Çox maraqlıydı, hamı oturub baxırdı. Niyə? Çünki pəncərə qabağında oturub qaranlığa baxmaqdansa, yenə bu yaxşıydı.
Əyləncəli verilişlər də olurdu. Məsələn, “Yumoristik novellarlar” verilişi vardı. İndiki “Komedixana” layihəsi kimi bir şey idi. Yazıçıların satirik hekayələri səhnələşdirilirdi. Sovet quruluşunun antipodları ifşa edilirdi. Satira qamçısı-zad.

“Komediayalar aləminə səyahət” verilişi daha populyar idi. Yeni və köhnə komediya tamaşalarından fraqmentlər (ən məzəli yerləri) göstərilirdi. Xalq o tamaşalardakı replikaları əzbərləyirdi. Bu saat da köhnə adamların yanında “Qıdı kirvə” desən, hamısı dərhal biləcək ki, söhbət nədən gedir. “Ara, məssəb haqqı, bu Qambarı mən oniüç yaşından tanıyıram” - filan.

“Günün ekranı” adlanan xəbərlər bülleteni təxminən “Heyvandarlıq zərbəçi cəbhədir” tele-rubrikasının davamı kimi başlaylrdı, amma bu bülletenin başqa rubrikaları da vardı: “Torpaq deyir, əz məni”. Burada plantasiyalarda çalışanları, mexanizatorları (deputat və qurultay nümayəndələri) göstərir və danışdırırdılar. Zavod və fabrik işçilərinə dair süjetlər də müntəzəm verilirdi. Hamı “bir beşillikdə iki beşilliyin plan və öhdəliklərini yerinə yetirmək”dən, “keçici qırmızı bayraq almaq”dan danışırdı.
Xarici dövlətlərin daxili işlərinə dair yeniliklərdən “Günün ekranı”nda 3-5 dəqiqənin içində xəbər tuturduq. CAR-da aparteid rejimi qaradərililəri incidirdi, Fələstində İsrail və Ərəfatın adamları elə hey dalaşır, daşlaşırdılar. Süjetlərdə Amerikada işsizliyin artmasından, Qərbi Avropada “neon reklam işıqlarının parıltısının altındakı çürüyən kapitalizm dünyasının mənfur eybəcərlikləri”ndən bəhs olunurdu. Bu, bəs etməyəndə “Dünya bu gün” və “Beynəlxalq panorama” verilişlərində “SSRİ sülhün dayağıdır” və

“ABŞ dünyada sülhə təhlükədir” mövzusunda şərhlərə qulaq asırdıq.
21.30-da konsertlər olardı. Dönəmin sənətçilərinin yarım saatlıq konsertini (adətən bir qadın və bir kişi növbə ilə oxuyurdu) verərdilər.

Saat 22-də Moskvadan “Zaman” (“Vremya”) verilişi canlı-canlı verilərdi. Bu, “Günün ekranı”nın rusca variantı idi. Bir də axırında, hava proqnozu veriləndə əla bir musiqi çalınırdı. Sonradan aydın oldu ki, fransız bəstəkarın əsəridir.

Yaxşı yerli, sovet və xarici filmlər də göstərərdilər və onlar başqa aləm idi. Təsəvvür edin ki, Kalininqraddan Kurilə, Murmanskdan Horadizə qədər milyonlarla adam eyni filmin replikalarını bilir və asanlıqla anlaşırdılar.

Yəni biz bu cür verilişlərlə, travma ala-ala böyümüş və zövqü bərbad olmuş adamlarıq, indiki kontentlər bizə heç uyğun gəlmir. Amma o vaxtkı kontentləri indiki nəslə nümayiş etdirsək, başları xarab olar. Onları təcrid edərək bu verilişlərə baxdırmaq istəsən də, baxmazlar, televizoru, telefonu söndürüb oturar, eləcə, tavana baxarlar.

Bəlkə də bu üzdəndir ki, hazırda ənənəvi televiziyaların verilişlərinə baxan azdır. Çünki “Heyvandarlıq zərbəçi cəbhədir”, “Dünya bu gün” kimi verilişlərin ruhu hələ də yaşayır.

İcazə verin, indiki tele-konsertlərdə oxuyanların adını çəkməyim. İndikilər travmatik silah kimi bir şeydir, ona görə də müasir insanların tele-zövqünə sanki ballistik raket dəyib.

Bu baxımdan yenilənmək, müasir həyata uyğunlaşmaq lazımdır, amma bu işin şitini, şorunu çıxarmaq olmaz. Absurdlara və biabırçılıqlara tele-ekranda yer olmamalıdır.

**
Dünya köhnə dünyadır, kontentləri təzədir.

Samir SARI 

Bizə qoşulun