Medianews.az
Kinematoqrafçılar İttifaqına yeni sədr. Dərin sükut var
256 baxış

Kinematoqrafçılar İttifaqına yeni sədr. Dərin sükut var

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postu üç aydan çoxdur boşdur. Sədr vəzifəsini 2022-ci ildən tutan Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat edib.

Medianews.az bildirir ki, mayın 8-də İdarə Heyəti ayın son həftəsində növbədənkənar ümumi yığıncaq – qurultay keçirib sədr seçməyi qərara alıb və ilkin olaraq birinci katib Şəfiqə Məmmədova ilə icraçı katib Əli İsa Cabbarovu sədrliyə namizəd kimi qurultaya tövsiyə edib.

Lakin tədbirdən bir gün əvvəl – mayın 25-də Şəfiqə Məmmədova da daxil olmaqla ittifaqın bir qrup üzvü bəyanat yayaraq yığıncağa hazırlıq prosesində nizamnamə tələblərinin pozulduğunu iddia edib, yığıncağın təxirə salınması, sədr seçkisinin yenidən təşkil olunması tələbi qoyub.

Bu tələbə baxmayaraq mayın 26-da tədbir keçirilib, lakin qarşı tərəfin boykotu səbəbindən sədr seçmək üçün kvorum alınmayıb. 160-dan çox nümayəndənin təkidi ilə simvolik səsvermə keçirilib və Əli İsa Cabbarov çoxluğun səsini qazanıb.

Lakin rəmzi xarakter daşıdığından həmin səsvermənin hüquqi nəticəsi yoxdur. Yəni Əli İsa Cabbarov Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri deyil, əvvəlki kimi icraçı katibidir.

Şəfiqə Məmmədova isə birinci katib kimi sədrin səlahiyyətlərini müvəqqəti həyata keçirməyə məsuldur.

Bəs Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr nə zaman seçiləcək? Qurultay nə vaxt olacaq?

Medianews.az saytı bu suallarla Kinematoqrafçılar İttifaqına yazılı sorğu göndərib. Lakin üstündən iki həftədən çox vaxt ötsə də, sorğu cavablandırılmayıb.

May ayındakı qalmaqallardan sonra Azərbaycan Kinematoqrafçılar İttifaqında növbəti sədr seçkisi mövzusunda dərin bir sükut hökm sürür...

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun