Medianews.az
Trampı öldürmək üçün götürdüyü tüfəng, tapança və bıçaqlar nümayiş olundu -
136 baxış

Trampı öldürmək üçün götürdüyü tüfəng, tapança və bıçaqlar nümayiş olundu - FOTO+VİDEO

ABŞ Federal Təhqiqatlar Bürosu ötən həftə Vaşinqtonda “Hilton” otelində prezident Donald Trampa və onun kabinet üzvlərinə qarşı sui-qəsdə cəhd edən Koul Tomas Allenin hadisə vaxtı üzərində olmuş silahları ictimaiyyətə nümayiş etdirib.

Medianews.az xəbər verir ki, istintaq orqanı Koul Allenin hücum planını aprel ayının əvvəlindən hazırladığını açıqlayıb. Bildirilib ki, o, aprelin 21-də Los-Anceles yaxınlığındakı evindən paytaxt Vaşinqtona yola düşüb, 23 apreldə Çikaqoda olub, 24 apreldə isə Vaşinqtona çatıb.

Aprelin 24-ü günortadan sonra o, Vaşinqtonda “Hilton” otelində qeydiyyatdan keçib və gecəni bu oteldə qalıb. Allenin oteldə üç gecəlik - 24, 25 və 26 aprel tarixləri üçün yer bron etdiyi deyilir.

Rəsmi açıqlamaya əsasən, aprelin 26-sı axşam 12 kalibrli ov tüfəngi, yarı avtomatik tapança, üç bıçaq və digər təhlükəli əşyalarla silahlanan Koul Allen Ağ Ev Müxbirləri Assosiasiyasının “Hilton” otelində təşkil etdiyi, Donald Trampın, onun administrasiyasının demək olar bütün üzvlərinin, ABŞ-nin birinci xanımının, məşhur jurnalistlərin qatıldığı şam yeməyinin keçirildiyi zala hücum çəkib.

Təhlükəsizlik sədlərindən birində Allen ABŞ Məxfi Xidmətinin bir əməkdaşının sinəsindən ov tüfəngi ilə atəş açaraq şam yeməyinin keçirildiyi zala daxil olmağa çalışıb.

Lakin gülləkeçirməz jiletin qoruduğu, yüngül yaralanan Məxfi Xidmət əməkdaşı Allenə beş dəfə atəş aça bilib. Güllələr Allenə dəyməsə də, o, yerə yıxılıb və yaxalanıb.

Məlumatlara görə, Allen Trampa təxminən 100 metr məsafəyə qədər yaxınlaşa bilibmiş.

Koul Allen ABŞ prezidentinə sui-qəsd cəhdində ittiham olunur. Bu cinayət ömürlük həbslə nəticələnə bilər. Allenə odlu silahdan istifadə, ağır cinayət törətmək niyyəti ilə odlu silah daşıma və digər ittihamlar da verilib.

Aprelin 27-si ilk dəfə məhkəmə qarşısına çıxarılan Allen məhkəmə prosesi zamanı özünü sakit və təmkinli aparıb. Hakimin suallarına qısaca “bəli, hörmətli hakim”, “xeyr, hörmətli hakim” tipli cavablar verib. Bəzən isə sadəcə başını tərpətməklə təsdiqini, razılığını ifadə edib. Qısa dinləmədən sonra o, zaldan çıxarılıb. Zaldan çıxarılanda polislərə hər hansı müqavimət göstərməyib.

Növbəti məhkəmə prosesi aprelin 30-na təyin olunub.

Koul Tomas Allenin 31 yaşı var. Onun yüksək təhsilli bir şəxs olduğu vurğulanır. 

Allen Kaliforniyada universitetdə mexanika mühəndisliyi üzrə bakalavr təhsili alıb, daha sonra isə kompüter elmləri üzrə magistr dərəcəsi qazanıb. Onun akademik göstəricilərinin yüksək olduğu, müəllimləri tərəfindən intizamlı və çalışqan tələbə kimi xatırlandığı bildirilir.

Koul Allen repetitor və müəllim kimi çalışıb, eyni zamanda proqramlaşdırma və texnologiya sahəsində fəaliyyət göstərib. O, bir neçə il “C2 Education” adlı təhsil şirkətində işləyib və tələbələrin ali məktəblərə hazırlığı ilə məşğul olub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Allen həm də həvəskar video oyun tərtibatçısı olub, “Steam” platforması üçün molekulyar kimya mövzusunda oyun hazırlayıb və yeni layihələr üzərində çalışıb.

Medianews.az

Bizə qoşulun