Medianews.az
Trampa Nobel mükafatı verilməsə... -
757 baxış

Trampa Nobel mükafatı verilməsə... - AÇIQLAMA

Norveç Nobel Komitəsi bir qayda olaraq hər il oktyabr ayının 10-da Nobel sülh mükafatı təqdim edir. Bu mükafata namizədləri parlament üzvləri, dövlət başçıları, beynəlxalq təşkilat rəhbərləri və bəzi akademik qurumlar irəli sürür.

2025-ci ildə Nobel sülh mükafatına əsas namizədlərdən biri ABŞ Prezidenti Donald Trampdır. Tramp əvvəllər də Nobel mükafatına namizəd olub, lakin ala bilməyib.

Bu dəfə Donald Tramp Nobel mükafatı ala biləcəkmi? Mükafat Trampa verilməzsə, o, Avropaya, konkret Norveç Nobel Komitəsinə qarşı kampaniya başlada bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan ictimai-siyasi xadim, hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib ki, bu suallara birmənalı cavab vermək çətindir: “Mükafatın kimə veriləcəyini bəlkə indinin özündə Norveç Nobel Komitəsi də müəyyənləşdirməyib. Qeyd edim ki, həmin komitədə siyasətçilər olmur. Orada əsasən akademik dairənin adamları, yəni elm adamları toplaşıb. Onlara siyasi məqsədlərlə təsir göstərmək riskli və çətindir. Bir çox ölkədə elm adamlarına ümumiyyətlə təsir göstərə bilmirlər. Azərbaycana baxmayın. Bizdə elm adamlarına təsir göstərməyin müxtəlif yolları var. Amma Norveçdə alimlərə təsir etmək faktiki qeyri-mümkün bir işdir. Ona görə Donald Trampın təzyiq vasitəsilə Nobel sülh mükafatı alması çətin məsələdir”.

Q.Əlibəylinin fikrincə, ümumiyyətlə mükafatın bu il Trampa veriləcəyi bir qədər inandırıcı görünmür: “Tramp hansı sülhü təmin edib? Bəli, onun təşəbbüsü ilə bu ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflanıb. Amma həmin dövrə qədər artıq razılaşma var idi, müharibə yox idi. Sadəcə olaraq Tramp bir növ vasitəçilik etdi ki, saziş tez paraflansın. Bildiyim qədəri ilə o, hələ ki, heç bir müharibəni dayandıra bilməyib. Düzdür, bir neçə ölkə arasında müharibəni dayandırdığını söyləyir. Amma bu, bir qədər şişirtmə kimi görünür. Hazırda müharibə daha çox Yaxın Şərqdə və Rusiya ilə Ukrayna arasında gedir. Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmağa cəhd edib, amma nail ola bilməyib. İndi isə yenidən Ukraynaya əlavə silah satılmasına razılaşıb. Həmçinin satılan silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verib. Bu, artıq sülh deyil, bəziləri bunu müharibəni qızışdırmaq kimi də qiymətləndirə bilər. Tramp Yaxın Şərqdə İsrailin hücumlarını, ən azından Qəzzada törədilən cinayətləri dayandırmaq imkanına malik olmadı. Əksinə, iyun ayında hətta özü İrana hücum etdi, Trampın əmri ilə İrana raket zərbələri endirildi. Tramp həmçinin İsrailin Qəzzada növbəti əməliyyatlarına bir növ xeyir-dua verdi. Hesab edirəm ki, bütün bunların hamısını nəzərə alanda Trampın Nobel sülh mükafatı alma ehtimalı çox zəifdir. Yəqin ki, ala bilməyəcək. Hər halda bunu gələcək göstərəcək”.

Trampın mükafat almayacağı təqdirdə Norveç Nobel Komitəsinə qarşı çıxışlara başlayacağına gəlincə, Q.Əlibəyli bildirib ki, bunu istisna etmək olmaz: “Çünki o, gözlənilməz addımlar atan bir siyasətçidir. Elə bu yaxınlarda BMT-də baş verən texniki bir məsələyə görə BMT-ni bir növ rüsvay etməyə çalışdı ki, ona qarşı plan qurulub. Mümkündür ki, Nobel Komitəsinin də ona qarşı hansısa qərəzli mövqe tutduğunu desin. Bunu ondan gözləmək olar. Amma bunun həmin komitənin üzvü olan alimlər üçün heç bir əhəmiyyəti yoxdur”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun