Medianews.az
Tramp ultimatum verir: ya mən, ya da Cinpin –
212 baxış

Tramp ultimatum verir: ya mən, ya da Cinpin – “Politiko” nəşri

ABŞ-nin "Politiko" (Politico) nəşrinin internet səhifəsində “Tramp Latın Amerikası ölkələrinə ultimatum verir: ya mən, ya da Cinpin” başlıqlı məqalə dərc olunub.

Medianews.az-ın məlumatına görə, məqalədə deyilir ki, ABŞ prezidenti Donald Trump faktiki Latın Amerikası ölkələrinə ultimatum verir: ya Vaşinqtonun yanında dayanmalısınız, ya da Pekinin.

Qəzet vurğulayır ki, Ağ evdə formalaşan yeni kursun məqsədi Qərb yarımkürəsində Çinin təsirini zəiflətmək, mümkün olduqda isə tamamilə sıxışdırıb sıradan çıxarmaqdır: “Vaşinqtondakı mənbələr və analitiklər bildirirlər ki, Trampın Qərb yarımkürəsində sərt xəttinin arxasında duran əsas hədəf Si Cinpinin rəhbərlik etdiyi Çin Xalq Respublikasının iqtisadi və geosiyasi ekspansiyasının qarşısını almaqdır. Ağ ev administrasiyanın yanaşmasına görə, ABŞ öz “arxa bağçası” saydığı regionda dominantlığı bərpa etməsə nə milli təhlükəsizliyini qoruya bilər, nə də Hind-Sakit okean bölgəsində Pekinlə rəqabət apara bilər.

Ağ ev Trampın milli təhlükəsizlik strategiyasına istinad edərək, klassik “Monro doktrinası”nın yenidən tətbiq olunduğunu vurğulayır. Rəsmi izaha görə, məqsəd ABŞ-ın Qərb yarımkürəsində üstünlüyünü bərpa etmək, rəqibləri sıxışdırmaq, miqrasiyanı və narkotik qaçaqmalçılığını nəzarətə götürməkdir. Çinin adı açıq çəkilməsə də, mesajın ünvanı bəllidir”.

“Politiko” yazır ki, Trampın xarici siyasət komandasında Çinlə sərt xətti müdafiə edən fiqurlar üstünlük təşkil edir: “Vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, eləcə də Pentaqon rəsmiləri Pekini ABŞ üçün əsas strateji təhlükə sayırlar. Müdafiə naziri Pit Heqset isə Çinin hərbi gücünü açıq şəkildə qlobal sabitlik üçün risk adlandırıb.

Administrasiya daxilində formalaşan ortaq mövqe belədir: “Vətəni müdafiə etmək üçün yarımkürədə hakim olmaq lazımdır”.

Vaşinqtonun siyasətində ən diqqətçəkən addımlardan biri Venesuela lideri Nikolas Maduronu həbs etməsi oldu. ABŞ-nin bu əməliyyatı təkcə regional siyasi dəyişiklik kimi deyil, həm də Çinin bölgədəki enerji maraqlarına zərbə kimi qiymətləndirilir. Pekin Venesuela neftinin əsas alıcılarından, onun başlıca iqtisadi tərəfdaşlarından idi.

Ağ ev administrasiyası həmçinin Kubaya təzyiqi artırır, Panama ilə sərt ritorikaya əl atır, Braziliya ilə münasibətlərdə açıq narazılıq nümayiş etdirir. Xüsusilə Panama məsələsi rəmzi xarakter daşıyır: bu ölkə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk Latın Amerikası dövləti olub.

Vaşinqton Çinin Latın Amerikasında iqtisadi təsirini milli təhlükəsizliyə təhdidi kimi qiymətləndirir. 2025-ci ildə Pekinlə Latın Amerikası arasında ticarət dövriyyəsi 565 milyard dollara çatıb. Müqayisə üçün deyək ki, ABŞ ilə Latın Amerikası arasında ticarət dövriyyəsi 346 milyard dollardır.

Pekin 33 Latın Amerikası və Karib hövzəsi ölkəsindən 22-ni “Bir kəmər, bir yol” infrastruktur layihələrinə cəlb edib. Ekvadordakı hidroenergetika layihələri, Boqota metrosunun tikintisi və Perudakı nəhəng Çankay limanı kimi layihələr Çinin regionda möhkəmlənməsinə xidmət edir.

ABŞ Dövlət Departamenti isə xəbərdarlıq edir ki, “ədalətsiz ticarət praktikaları” və dövlət subsidiyaları ilə genişlənən Çin şirkətləri region ölkələrini asılı vəziyyətə sala bilər”.

Məqalədə deyilir ki, Donald Tramp martın 7-də Mayamidə Latın Amerikası liderlərini bir araya gətirməyi planlaşdırır: “Bu görüş Pekində Si Cinpinlə keçiriləcək sammitdən az əvvəl baş tutacaq. Vaşinqtonun məqsədi region ölkələrini Çinlə iqtisadi bağlılığı azaltmağa razı salmaqdır.

Ancaq ekspertlər xəbərdarlıq edirlər: ABŞ real və uzunmüddətli alternativ təklif etməsə, bu ultimatum əks effekt verə bilər. Çinin region xammalına – soya, dəmir filizi, mal ətinə – böyük tələbatı var və Asiya bazarı hazırda dünyada ən sürətlə böyüyən bazardır.

Keçmiş diplomatların fikrincə, Trampın sərt ritorikası qısamüddətli təzyiq effekti yaratsa da, uzunmüddətli perspektivdə Latın Amerikası paytaxtlarında anti-Amerika əhvalını artıra və Pekinin əlini daha da gücləndirə bilər.

Beləliklə, Tramp administrasiyasının mesajı açıqdır: Qərb yarımkürəsində Çin üçün yer daralır. Seçim isə Latın Amerikası ölkələrinin qarşısındadır – Vaşinqtonun geosiyasi çətiri, yoxsa Pekinin iqtisadi cazibəsi”.

Medianews.az

 

Bizə qoşulun