ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan genişmiqyaslı hərbi əməliyyatı hələlik təxirə saldığı iddia olunur.
Medianews.az The New York Times nəşrinə istinadən xəbər verir ki, qərarın verilməsində ABŞ ordusunun önləyici raket ehtiyatlarının kritik həddə enə biləcəyi ilə bağlı xəbərdarlıqlar mühüm rol oynayıb.
Məlumata əsasən, Tramp cümə günü İrana qarşı hücumların genişləndiriləcəyinə işarə etsə də, yüksəkvəzifəli hərbi rəhbərlərlə apardığı müzakirələrdən sonra əməliyyatı təxirə salmağa qərar verib.
Nəşr yazır ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Den Keyn yeni genişmiqyaslı əməliyyatın ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) önləyici raket ehtiyatlarını təhlükəli səviyyəyə endirə biləcəyi barədə xəbərdarlıq edib.
Məqalədə adı açıqlanmayan yüksəkrütbəli ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqtonda hərbi əməliyyatların İranı danışıqlar masasına gətirəcəyinə dair şübhələr yaranıb. Bildirilir ki, son hücumlar əksinə, İran daxilində xarici təhdidlərə qarşı həmrəyliyi daha da gücləndirib.
Qeyd olunur ki, ABŞ ordusu Donald Trampın göstərişi ilə 13 gecə ardıcıl davam edən hücumlara ötən gecə fasilə verib. Bununla yanaşı, Vaşinqtonun mümkün yeni genişmiqyaslı əməliyyatlara hazırlığı davam edir və yekun qərarın hələ verilmədiyi vurğulanır./BAKU.WS