BMT-ni Sülh Şurası ilə əvəz etmək cəhdi əslində ABŞ Prezidenti Donald Trampın diplomatiya haqda təsəvvürlərinin dərin olmamasından irəli gəlir.
BMT uzun müddətdir sol-liberal qlobalist dəstə tərəfindən zəbt olunmuş bir qurumdur. Bu dəstə ilə şəxsi davası olan Tramp görəndə ki, BMT-ni onların əllərindən qoparmaq mümkün olmayacaq, öz rəhbərliyi altında alternativ qurum düzəltməyə qərarlaşdı.
Alınacaqmı? Bilmirəm, amma çətin olacaq.
Düzdür, Amerikanın intellektual siyasi-hərbi və iqtisadi çevrələri bu şəxsi motivli cəhdi tarixi fürsət kimi qiymətləndirib onun uğrunda ürəkdən çalışa da bilər.
BMT və Helsinki Yekun Aktı İkinci Dünya müharibəsinin nəticəsi idi. “Soyuq müharibə”nin nəticələrini beynəlxalq hüquqda qələmə ala biləcək bir qurum isə ötən 35 il ərzində yaradılmadı.
Rusiya Ukraynaya hücuma həm də ona görə keçmişdi ki, “soyuq müharibə”də çox da uduzmadığını sübut eləsin və yaranacaq post-BMT və post-Helsinki beynəlxalq hüquq sistemində özünə mühüm yer tutsun.
Həmin hüquqi sistemi Putin çoxqütblü sistem kimi təsəvvür edir. Tramp isə Sülh Şurası təşəbbüsü ilə ABŞ-ın yeganə qütb olmasına çalışır, çünki ABŞ onun təsəvvüründə “soyuq müharibə”nin tək qalibidir.
BMT-Helsinki sistemini dağıtmaq Trampa asan başa gəlməyəcək. Rusiya, Çin, Fransa və hətta Birləşmiş Krallıq özlərinin 1945-ci ildə qazandıqları statusu itirmək istəməzlər. Hətta təşəbbüsə qatılsalar belə, onu əngəlləmək üçün qatılacaqlar.
Trampın bu dəyişikliyi gerçəkləşdirməyə resursu çatacaq, ya yox, bilinmir.
Bircə o aydındır ki, yeni hüquqi sistemin yaradılması istiqamətində səylər nəzəri mərhələdən fəal praktiki mərhələyə keçib.
İlqar Məmmədov