Medianews.az
Tramp ailəsinin rəqəmsal aktivlərdən qazancı
85 baxış

Tramp ailəsinin rəqəmsal aktivlərdən qazancı bir milyard dolları ötüb

ABŞ Prezidenti Donald Tramp və ailəsi 2025-ci ildə öz kriptovalyuta biznesindən 1 milyard dollardan çox gəlir əldə ediblər.

Bu barədə "The Guardian" nəşri federal bəyannamə sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, özünün ikinci prezidentlik müddətində Tramp, eləcə də onun ailə üzvləri müxtəlif kriptovalyuta təşəbbüslərinə və rəqəmsal aktivlərə aktiv formada investisiyalar yönəldiblər.

Xatırladaq ki, ötən ilin başlanğıcında o, Birləşmiş Ştatları "dünyanın kriptovalyuta mərkəzi"nə çevirmək niyyətində olduğunu açıqlamışdı. Qeyd edilən ümumi mənfəət sırasına rəqəmsal pullardan gələn qazancla yanaşı, məhkəmə proseslərindən əldə olunan vəsaitlər, daşınmaz əmlak müqavilələri və royaltilər də daxildir.

Nəşrin məlumatına görə, Ağ Evin rəhbəri vəzifəyə gələndə onun bir çox kriptovalyuta layihələri hələ startap mərhələsində idi. Hazırda isə sözügedən rəqəmsal bizneslər qazanc həcminə görə prezidentin geniş daşınmaz əmlak portfelinin böyük bir qismini geridə qoyur. Gəlirlərin bu cür kəskin artması sahə üzrə federal tənzimləmələrin Tramp tərəfindən ləğv edilməsi və milyarder investorların fəaliyyəti ilə əlaqələndirilir.

"The New Yorker" jurnalı hələ 2025-ci ilin avqust ayında apardığı təhlillərə əsasən qeyd etmişdi ki, iki prezidentlik dövrü ərzində Donald Tramp və ailəsinin ümumi sərvəti 3.4 milyard dollar çoxalıb. Bu maliyyə artımı müxtəlif kommersiya fəaliyyətləri, o cümlədən Yaxın Şərq regionundakı daşınmaz əmlak əməliyyatları, yeni kriptovalyuta layihələrinin yaradılması və şəxsi brenddən istifadə hesabına formalaşıb./oxu.az

Bizə qoşulun