Müasir dövrün tələbləri dəyişdikcə təhsil sistemindən gözləntilər də fərqli istiqamətlərə yönəlir. Ənənəvi tədris metodlarının yerini getdikcə daha çevik, texnoloji və fərdiləşdirilmiş yanaşmalar tutur. Süni intellektin sürətlə inkişaf etdiyi bir zamanda bu texnologiyanın məktəb partasına qədər gəlib çatması təsadüfi deyil. Artıq bəzi şagirdlər ev tapşırıqlarını alqoritmlərlə həll edir, müəllimlər isə süni intellektin yardımı ilə fərdi tədris planları hazırlayırlar. Belə bir mühitdə “rəqəmsal savadlılıq” artıq əlavə bilik deyil, zəruri bacarıqdır.
Tədris proqramlarına süni intellekt və rəqəmsal savadlılıq fənlərinin əlavə olunması nə dərəcədə vacibdir? Süni intellekt vasitələri (məsələn, ChatGPT, tədris alqoritmləri və s.) təhsildə motivasiyaya və yaradıcılığa necə təsir edir? Süni intellektin təhsildə istifadəsi etik və təhlükəsizlik baxımından hansı riskləri daşıyır?

Mövzu ilə bağlı Medianews.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, tədris proqramlarına süni intellekt və rəqəmsal savadlılıq fənlərinin daxil edilməsi artıq gələcəyin deyil, bu günün zərurətidir. Onun sözlərinə görə təhlil göstərir ki, müasir əmək bazarında rəqabət üstünlüyü artıq bilik yığımı ilə deyil, texnoloji alətlərdən məqsədyönlü istifadə bacarığı ilə müəyyən olunur: “XXI əsr təhsilinin əsas məqsədi şagirdə informasiya vermək deyil, onu informasiya ilə işləməyi, analiz etməyi, süni intellektin köməyi ilə yaradıcı nəticə çıxarmağı öyrətməkdir. Rəqəmsal savadlılıq və süni intellekt fənləri bu məqsədin reallaşmasında fundamental rol oynayır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 11-ci maddəsində qeyd olunur ki, təhsil sistemi müasir elmi nailiyyətlərə, texnologiyalara və informasiya-kommunikasiya vasitələrinə əsaslanmalıdır. Bu norma təkcə texniki yeniliklərin tətbiqini deyil, onların tədris prosesinə inteqrasiyasını da nəzərdə tutur. Hazırda Elm və Təhsil Nazirliyinin 2023–2027-ci illər üçün Strateji Planında da “rəqəmsal bacarıqların erkən yaşdan formalaşdırılması” xüsusi prioritet kimi göstərilib. Nazirliyin “Rəqəmsal Məktəb”, “STEAM Azərbaycan” və “AI Academy” layihələri bu istiqamətdə real nəticə verən mühüm addımlardır. 2024-cü ildə Azərbaycanda 250 məktəbdə süni intellektə giriş və rəqəmsal savadlılıq modulları sınaqdan keçirilib, bu da 30 minə yaxın şagirdi əhatə edib.
Statistika göstərir ki, süni intellektin tədrisə inteqrasiyası şagirdin motivasiyasını artırır. UNESCO-nun “AI in Education” hesabatına görə, süni intellekt əsaslı öyrənmə platformaları ilə təhsil alan şagirdlərdə öyrənməyə maraq 38%, yaradıcılıq qabiliyyəti isə 27% yüksəlib. ChatGPT, Copilot və digər tədris alqoritmləri kimi vasitələr müəllimə fərdiləşdirilmiş tədris imkanı yaradır: eyni mövzunu fərqli səviyyəli şagirdlərə uyğun izah etmək, əlavə resurs təqdim etmək, tədris prosesini şagirdin maraqlarına uyğunlaşdırmaq mümkündür. Bu, xüsusilə ibtidai və orta təhsildə motivasiyanı qorumaq baxımından vacibdir”.

Təhsil eksperti qeyd edib ki, süni intellektin tətbiqi təhsildə yaradıcılığın inkişafına da təsir edir: “Əgər keçmişdə yaradıcı fəaliyyət daha çox incəsənət sahələrinə xas idisə, indi bu, proqramlaşdırma, modelləşdirmə, dizayn, elmi analiz kimi sahələrə də keçib. Şagirdlər süni intellekt vasitəsilə vizual layihələr, simulyasiyalar, mətn analizi və hətta tədqiqat işləri hazırlayır. Bu, “öyrənmək üçün yaratmaq” modelinin reallaşmasına xidmət edir. Müəllim üçün isə süni intellekt “yardımçı beyin” rolunu oynayır — qiymətləndirmədə, tədris planlaşdırmasında, təlim resurslarının hazırlanmasında prosesi asanlaşdırır və vaxta qənaət yaradır.
Bununla belə, süni intellektin təhsildə istifadəsi etik və təhlükəsizlik baxımından müəyyən risklər daşıyır. Ən birincisi, məlumatların məxfiliyi və şəxsi məlumatların qorunmasıdır. “İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında” Qanuna əsasən, təhsil müəssisələri şagirdlərin şəxsi məlumatlarını toplayarkən və emal edərkən təhlükəsizlik təmin etməlidir. Lakin süni intellekt alətləri çox vaxt bulud əsaslı platformalarda fəaliyyət göstərdiyindən məlumatların xarici serverlərdə saxlanması riski yaranır. Bu isə həm hüquqi, həm də etik məsələdir”.

K.Əsədov vurğulayıb ki, digər mühüm risk intellektual mülkiyyətlə bağlıdır. Şagird və müəllim tərəfindən yaradılan məzmunun süni intellekt vasitəsilə təhlil və transformasiya edilməsi, müəlliflik hüququnu qeyri-müəyyən vəziyyətə gətirir. UNESCO və OECD ekspertlərinin fikrincə, təhsil sistemləri bu sahədə yeni etik kodekslər formalaşdırmalıdır. Etik tərəfdən daha incə problem – süni intellektin insan yaradıcılığını “əvəzləməsi” qorxusudur. Təhlillər göstərir ki, bu qorxu daha çox yanlış istifadə hallarında yaranır. Əslində süni intellekt müəllimi və ya şagirdi əvəz etmir, onların tədris və yaradıcılıq fəaliyyətini tamamlayır. Elm və Təhsil Nazirliyinin mövqeyi də məhz bu yöndədir: “Süni intellekt təhsilin məqsədini dəyişmir, onun formasını müasirləşdirir.”
Müsbət tərəfi ondan ibarətdir ki, bu texnologiyalar sayəsində təhsil fərdiləşir, biliklərə çıxış bərabərləşir və öyrənmə mühiti daha çevik olur. Mənfi tərəfi isə ondan ibarətdir ki, süni intellektdən asılılıq, tənqidi düşünmənin zəifləməsi və yanlış məlumatların istifadəsi kimi risklər yarana bilər. Bu istiqamətdə dəyişiklik yalnız yeni fənlərin əlavə olunması ilə deyil, həm də müəllim hazırlığı sisteminin transformasiyası ilə mümkündür. Süni intellekt və rəqəmsal savadlılıq fənləri tədris proqramlarına daxil edilməklə, gələcək nəsillərə texnologiyanı istehlak etmək deyil, onu idarə etmək bacarığı qazandırılmalıdır. Bu, Azərbaycanın təhsil sisteminin rəqəmsal keçid mərhələsində Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi ən strateji və mütərəqqi addımlardan biridir.
Hesab edirəm ki, süni intellekt və rəqəmsal savadlılıq fənlərinin tədrisə daxil edilməsi zərurət olmaqla yanaşı, ölkənin gələcək intellektual kapitalının formalaşması baxımından strateji məsələdir. Bu istiqamətdə atılan hər addım şagirdin texnologiyanı passiv alət kimi deyil, yaradıcı və etik şəkildə istifadə edə bilən fərd kimi yetişməsinə xidmət edir. Təhsil sisteminin qarşısında duran əsas məqsəd də məhz süni intellektin insan düşüncəsini məhdudlaşdırmadan, onu gücləndirən vasitəyə çevrilməsini təmin etməkdir”.
Nailə Qasımova,
Medianews.az