Türkiyənin 24 ildən sonra Dünya Kubokuna vəsiqə qazanması Azərbaycanda da böyük sevincə səbəb olub.
Medianews.az xəbər verir ki, Türkiyə Milli Futbol Komandası Kosovonu 1:0 hesabı ilə məğlub edərək Dünya Kubokunda iştirak hüququ qazanıb.
Tarixi qələbə təkcə Türkiyədə deyil, Azərbaycanda da böyük coşqu ilə qarşılanıb. Matçı canlı yayımlayan Azərbaycan televiziya kanalının şərhçisi Türkiyə Dünya Kubokuna vəsiqə qazandığı anda həyəcanını gizlədə bilməyib və onun emosional reaksiyası efirdə əks olunub.
Şərhçinin sevincli reaksiyası qısa zamanda sosial mediada yayılıb və trend mövzusuna çevrilib. Bir çox istifadəçi bu görüntüləri paylaşaraq iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayıb.
Türkiyənin bu tarixi uğuruna Azərbaycandan gələn emosional reaksiya sosial şəbəkələrdə “bir millət, iki dövlət” şüarı ilə paylaşılıb və geniş müzakirələrə səbəb olub.
Medianews.az