Türkiyədə sosial media fenomeni Mükremin Gezginlə bağlı açılan cinayət işində ilk məhkəmə iclası keçirilib.
Medianews.az xəbər verir ki, “əxlaqsızlığa təhrik etmə və asanlaşdırma” ilə “ictimaiyyət arasında nifrət və düşmənçilik yaratmaq və alçaldıcı hərəkətlər etmək” ittihamları ilə həbs olunan Mükremin Gezgin məhkəmənin qərarı ilə azadlığa buraxılıb.
İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə bildirilib ki, Mükremin Gezgin sosial media paylaşımlarında həm kişi, həm də qadın cinsinə qarşı istehza xarakterli ifadələr işlədib. Həmçinin onun “Masal” ləqəbli transgender şəxslə başqa bir şəxsi tanış etdirərək münasibətə vasitəçilik etdiyi iddia olunub.
İstanbul 14-cü Cinayət Məhkəməsində keçirilən ilk iclasda ifadə verən Mükremin Gezgin ittihamları qəbul etməyib. O bildirib ki, hadisədə adı keçən Baki adlı şəxslə təsadüfən tanış olub və aralarında sadəcə mesajlaşma baş verib.
Gezgin məhkəmədə deyib:
“Mən heç vaxt əxlaqssızlığa vasitəçilik etməmişəm. Paylaşımlarım da ictimaiyyət arasında nifrət və düşmənçilik yaratmayıb. Günahsızam və bəraətimi istəyirəm”.
Məhkəmə təqsirləndirilən şəxsin həbsdə qaldığı müddəti, sübutların toplanmasını və istintaqa təsir imkanının olmamasını nəzərə alaraq onun məhkəmə nəzarəti altında sərbəst buraxılmasına qərar verib.
Qərara əsasən, Mükremin Gezginə ölkədən çıxış qadağası qoyulub və onun həftədə bir dəfə polis bölməsində qeydiyyata düşməsi tələb olunub.
Məhkəmə növbəti iclasın 8 oktyabr tarixində keçiriləcəyini açıqlayıb.
Medianews.az
