Medianews.az
Simonyanı qalib etməyə hazırlıq görülür? –
139 baxış

Simonyanı qalib etməyə hazırlıq görülür? – Növbəti siyahı bəlli oldu

Rusiyada “Böyük kitab” milli ədəbi mükafatına təqdim olunmuş əsərlərin seçimi davam edir.

Medianews.az bildirir ki, iyunun 3-də müsabiqənin ekspertlər şurası qısa siyahıya düşən əsərlərin adlarını açıqlayıb.

Siyahıya Kremlin alovlu təbliğatçısı, Rusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyanın “Əzəl başdan Söz idi – axırda Rəqəm olacaq” adlı antiutopik romanın da salınması ədəbi mühitdə növbəti narazılıqların baş qaldırması ilə nəticələnib.

Məsələ burasındadır ki, bir çoxları əsərin bundan əvvəl uzun siyahıya düşməsini belə saxtakarlıq sayır. İndi Simonyanın romanının qısa siyahıda da peyda olması saxtakarlığın axıracan davam edəcəyi, mükafatın ona verilməsinə hazırlıq görüldüyü şübhəsini oyadıb.

Xatırladaq ki, aprelin 22-də ekspertlər şurası bədii nəsr nominasiyasında 29 əsərin növbəti seçim mərhələsinə keçdiyini elan etmişdi. Həmin uzun siyahını TASS agentliyinin mətbuat mərkəzində keçirilən tədbirdə şuranın sədri, yazıçı Andrey Astvatsaturov səsləndirmişdi. Eyni zamanda siyahı TASS-ın saytında və “Kommersant” qəzetində dərc olunmuşdu.

Lakin sonradan müsabiqənin rəsmi saytında və teleqram kanalında bədii nəsr nominasiyası üzrə 30 namizədin yer aldığı bir siyahı yerləşdirildi. Teleqramdakı paylaşımda siyahının redaktə edildiyi də açıq-aşkar qeyd olundu.

Yenilənmiş siyahıda isə yazıçı Andrey Stolyarovun əsərinin yerinə Marqarita Simonyanın romanı daxil edildi və o, 25-ci sırada göstərildi.

Aprelin 23-də müsabiqənin rəhbəri Tatyana Voskovskayanın adından yayılan açıqlamada hadisə “son dərəcə xoşagəlməz səhv” kimi izah olundu. Bildirildi ki, Simonyanın kitabı əslində əvvəlcədən siyahıda olub, lakin mətbuat konfransına hazırlıq zamanı texniki yanlışlıq nəticəsində siyahıya düşməyib.

Bəs görəsən nə səbəbə siyahı mediada dərc olunanda təşkilatçılar orada səhvə yol verildiyini jurnalistlərə deməyiblər, sonradan səssizcə müsabiqənin rəsmi saytında siyahını dəyişiblər? Rusiyada xüsusilə sosial şəbəkələrdə sürətlə dövr edən bu suala təşkilatçılar indiyədək ağlabatan cavab verməyib.

Rusiyanın bir sıra yazıçıları Simonyanın adının sonradan uzun siyahıya salınmasından, indi isə 10 nəfərlik qısa siyahıya da daxil edilməsindən narazıdırlar.

“Böyük kitab” mükafatı 2005-ci ildə təsis olunub və rus dilində yazılmış ən yaxşı bədii və sənədli nəsr əsərlərinin müəlliflərini mükafatlandırmaq məqsədi daşıyır.

Medianews.az 

Bizə qoşulun