Fransa millisinin yarımmüdafiəçisi Rayan Şerki DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə məğlub olduqları görüşü şərh edib.
Medianews.az-ın məlumatına görə, Şerki bildirib ki, komandası finala qədər irəliləmək üçün bütün imkanlara sahib idi, lakin həlledici anda öz oyunlarını göstərə bilməyib.
"Bu, inanılmaz dərəcədə ağırdır. Yolun sonuna qədər getmək üçün hər şeyimiz var idi. Açığı, hər komanda bizdən çəkinirdi. Bizi məğlub edən yeganə komanda yenə özümüz olduq. İspaniya bizi texniki və taktiki baxımdan üstələdi. Onlar öz istədikləri futbolu oynadılar, biz isə bacardığımız kimi çıxış etmədik".
Fransalı futbolçu əlavə edib ki, komandanın əsas problemi emosiyalarını düzgün idarə edə bilməməsi olub.
Hakimliklə bağlı da danışan Şerki bildirib ki, müəyyən səhvlər olsa da, məğlubiyyətin səbəbini hakimdə axtarmaq düzgün deyil: "Hakimi günahlandıra bilmərik. O, bizdən qolumuzu almadı. İspaniya sadəcə bizdən daha sərt və daha ağıllı oynadı".
Qeyd edək ki, İspaniya bu qələbə ilə DÇ-2026-nın finalına yüksəlib, Fransa isə üçüncü yer uğrunda mübarizə aparacaq.
Medianews.az