1930 və 1950-ci illərin çempionatlarında 13 milli komanda, 1938-ci ilin çempionatında 15 yığma yer alıb.
1934-cü ilin çempionatına 16 komanda qatılıb, 1954-cü ildən eyni say tətbiq edilib.
1982-ci ildən dünya çempionatları 24 yığmanın, 1998-ci ildən 32 millinin iştirakı ilə baş tutub.
2026-cı ilin dünya çempionatına 48 milli vəsiqə alıb.
Hazırda FİFA dünya futbol çempionatı iştirakçılarının sayını 64-ə qaldırmaq üzərində düşünür.
2030-cu ilin dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. Uruqvay, Paraqvay və Argentinada da matçlar keçirmək nəzərdə tutulur.
FİFA-dan gələn yeni soraqlar həmin çempionatın və ya Səudiyyə Ərəbistanında keçiriləcək 2034-cü il çempionatının 64 komandanın iştirakı ilə baş tutmaq ehtimalına işarə edir.

Səməd Qurbanov Medianews.az-a bildirib ki, dünya çempionatının daha çox millinin iştirakı ilə keçirilməsi uğurlu ideyadır: “Əvvəla, bu, çempionatın qaynarlığını artırır, azarkeşlərə daha çox oyunu izləmək imkanı verir. İkincisi, iştirakçı komandaların sayının artırılması Azərbaycan da daxil olmaqla bir çox ölkənin millisinin dünya çempionatına vəsiqə qazanmaq şansını yüksəldir. Ona görə mən buna Azərbaycana sərfəli bir təklif kimi baxıram və dəstəkləyirəm. Hesab edirəm ki, iştirakçı komandaların sayı artdıqca Azərbaycan futbolçuları dünya çempionatına vəsiqə qazanmaq uğrunda daha həvəslə mübarizə aparacaqlar. Yəni belə bir qərar qəbul olunsa, bizdə stimul güclənəcək”.
1953-cü il təvəllüdlü Səməd Qurbanov Azərbaycan futbolunun simvollarından biridir. 1971-1984-cü illərdə “Neftçi”nin yarımmüdafiəçisi olub, futbolçu karyerasından sonra uzun illər daxili işlər orqanında xidmət edib.
48 komandalıq sistemdə Avropaya 16, Afrikaya 9, Asiyaya 8, Cənubi Amerikaya 6, Şimali və Mərkəzi Amerikaya 6, Okeaniyaya 1 yer ayrılır. 2 vəsiqənin sahibi Afrika, Asiya, Okeaniya, Cənubi Amerika, Şimali və Mərkəzi Amerika təmsilçiləri arasında əlavə oyunlarda müəyyənləşir.
Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan milli komandası 8 Avropa çempionatının, 8 dünya çempionatının seçmə mərhələsində, 4 Millətlər Liqasının qrup mərhələsində ələnib.
Nailə Qasımova,
Medianews.az