ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar masasına qayıtmayacağı təqdirdə ölkənin enerji stansiyaları və körpülərinin hədəfə alınacağını bildirib.
Medianews.az xəbər verir ki, Tramp Fox News telekanalına müsahibəsində ABŞ-nin İrana qarşı hərbi əməliyyatları və Hörmüz boğazındakı vəziyyəti dəyərləndirib.
O, İranın "çox sərt zərbələrə məruz qaldığını" deyərək, sahilboyu yerləşən hədəflərə zərbələrin davam etdiyini bildirib.
"Əgər danışıqlar masasına oturmasalar, bütün enerji stansiyalarını və körpülərini məhv edəcəyik", – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp Hörmüz boğazının açıq saxlanılmasının vacibliyini qeyd edərək, bu marşrutun bütün ölkələr üçün açıq olduğunu, yalnız İran üçün bağlandığını iddia edib. O, həmçinin ABŞ-nin Hörmüz istiqamətindəki əməliyyatlarının "özü kifayət hesab edənədək" davam edəcəyini söyləyib.
Tramp İranla razılığa gəlməyin yeganə yolunun güc tətbiqi olduğunu bildirərək, Vaşinqtonun hazırda məhz bu siyasəti həyata keçirdiyini deyib.
Qeyd edək ki, Tramp daha əvvəl də İranın enerji infrastrukturunu hədəfə almaqla bağlı oxşar bəyanatlar vermişdi./Manşet.az