Braziliya millisinin sabiq yarımmüdafiəçisi Felipe Melo DÇ-2026-da Argentina yığmasına qarşı hakim qərarlarının daha yumşaq olduğunu iddia edib.
Medianews.az-ın məlumatına görə, Melo bildirib ki, bəzi epizodlarda Argentina millisinin üstün mövqedə olduğunu düşünür. O, xüsusilə Lionel Messinin Əlcəzairlə oyunda qırmızı vərəqə almamasını və Misirin ləğv edilən qolunu nümunə göstərib.
"Məncə, müəyyən mənada bu belədir. Messinin Əlcəzairlə oyunda meydandan qovulmaması artıq Argentinanı üstün vəziyyətə gətirir. Həmçinin Misirin qolu ləğv edildi, amma məncə, həmin qol sayılmalı idi".
Bununla belə, Melo Argentina millisinin yarımfinala yüksəlməyə layiq olduğunu da qeyd edib:
"Mən Argentinanın uğurunu kiçiltmirəm. Komanda, şübhəsiz ki, yarımfinala çıxmağa layiq idi. Amma eyni epizodda braziliyalı futbolçu olsaydı, onu digər oyunçular kimi meydandan qovardılar".
Qeyd edək ki, Argentina millisi DÇ-2026 yarımfinalında iyulun 15-də Atlantada İngiltərə ilə qarşılaşacaq.
Medianews.az