Türkiyəli aktrisa Aslı Bekiroğlu keçirdiyi ağır sağlamlıq prosesindən ilk dəfə ətraflı danışıb.
Medianews.az xəbər verir ki, aktrisa iki il əvvəl edilən yanlış miyom əməliyyatından sonra ciddi fəsadlarla qarşılaşıb və nəticədə bir neçə dəfə yenidən əməliyyat olunmalı olub.
Aktrisanın sözlərinə görə, ümumilikdə 6 əməliyyat keçirib və bu proses həm fiziki, həm də psixoloji baxımdan onu ciddi şəkildə sarsıdıb. O qeyd edib ki, bəzi hallarda həyati təhlükə ilə üz-üzə qalıb:
“Bu müddət ərzində 2-3 dəfə ölümdən qayıtdım. 8-9 saat davam edən iki ağır əməliyyat keçirdim. Həkimlərim də vəziyyətimin ağırlığına baxmayaraq güclü qalmağıma təəccüblənirdilər”.
Bekiroğlu əlavə edib ki, hələ bir əməliyyat da planlaşdırılır.
Aktrisa bəzi həkimlərin məsuliyyəti qəbul etmədiyini iddia edərək hüquqi addımlar atmağa qərar verdiyini bildirib. Onun sözlərinə görə, bu açıqlamanı verməkdə məqsədi həm yaşadıqlarını bölüşmək, həm də oxşar hallarla üzləşə biləcək insanları məlumatlandırmaqdır.
Sonda isə o, vəziyyətə yumorla yanaşaraq deyib: “Deyirlər ki, insanı öldürməyən şey onu gücləndirir. Son əməliyyatdan sonra yəqin ki, terminatora çevriləcəyəm”.
Hazırda aktrisanın vəziyyətinin yaxşılaşdığı və müalicəsinin davam etdiyi bildirilir.
Medianews.az