Medianews.az
Səfir:
86 baxış

Səfir: "Türk milləti heç vaxt təslim olmayacaq"

"Bu gün FETÖ terror təşkilatının seçilmiş hökumətimizə, qazi məclisimizə və birbaşa xalqımızın iradəsinə qarşı həyata keçirdiyi xain dövlət çevrilişi cəhdinin onuncu ildönümündə bir araya gəlmişik".

Medianews.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 10 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.

O, həmin qaranlıq gecədə Vətəni uğrunda canından keçərək şəhid olan 251 Vətən övladını rəhmətlə yad edir, qəhrəman qazilərimizə dərin minnətdarlığını bildirib: "2016-cı il iyulun 15-nə keçən gecə dövlətimizin ən həssas qurumlarına sızmış xain bir şəbəkə konstitusiya quruluşunu devirmək və ölkəmizi xaosa sürükləmək istəyib. Özünü təhsil, din və ya vətəndaş cəmiyyəti adı altında gizlədən bu beynəlxalq cinayət təşkilatı təkcə Türkiyə üçün deyil, fəaliyyət göstərdiyi bütün ölkələr üçün ciddi milli təhlükəsizlik təhdididir. Son dövrlərdə təşkilat daxilindən səslənən yeni ifşalar da bu qaranlıq və kult xarakterli quruluşun əsl simasını bir daha açıq şəkildə ortaya qoyub. FETÖ təkcə təbliğatla deyil, məkrli planlar, aldatma və casusluq üsulları ilə fəaliyyət göstərən təhlükəli bir təşkilatdır. Unudulmamalıdır ki, bu qurumun yeganə hədəfi Türkiyə deyil. Məkrli planları ilə xüsusilə xaricdə dost görüntüsü altında aramıza sızmağa, nüfuz qazanmağa və çirkin məqsədlərinə xidmət edən fəaliyyətlərini davam etdirməyə çalışırlar. Buna qarşı hamımız hər zaman ayıq-sayıq olmalıyıq".

"15 iyul xain terror təşkilatının həyata keçirdiyi dövlət çevrilişi cəhdini ilk andan etibarən ən sərt şəkildə pisləyən və ölkəmizin yanında yer alan Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş Azərbaycan xalqına və dövlətinə minnətdarıq. Həm o qaranlıq gecədə nümayiş etdirdikləri mövqeyə, həm də sonrakı dövrdə qurumlar arasında ən yüksək səviyyədə əməkdaşlıqla "Bir millət, iki dövlət" prinsipini bir daha möhkəmləndirən bütün Azərbaycan dövlət qurumlarına təşəkkürümüzü bildiririk. Xainlərin hesaba qatmadığı ən böyük güc Türk millətinin sarsılmaz iradəsi idi. 15 iyul gecəsi cəmiyyətin bütün təbəqələri bir məqsəd ətrafında birləşərək ölkəsinə, bayrağına və demokratiyasına sahib çıxdı. Milli iradənin təcəssümü olan Türkiyə Böyük Millət Məclisini bombalayan terrorçulara ən gözəl və ən qəti cavabı tankların qarşısını yalın əlləri ilə kəsən xalqımız verdi. 15 iyul Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə demokratiyanın, milli iradənin və müstəqilliyinə vurğun bir xalqın şanlı zəfəridir. Türkiyə Respublikası beynəlxalq hüquqdan irəli gələn hüquqları əsasında dövlət və millət birliyi ilə bu məkrli terror təşkilatına qarşı ölkə daxilində və xaricdə apardığı uzunmüddətli mübarizəni qətiyyətlə davam etdirəcək. Xaricdə fəaliyyət göstərən nümayəndəliklər olaraq biz də bu təhlükəni bütün dünyaya anlatmağa davam edəcəyik.

15 iyul qəhrəmanları canları bahasına sübut etdilər ki, Türk milləti öz müstəqilliyinə qəsd edən daxili və xarici heç bir cəhd qarşısında əsla təslim olmayacaq.

Bu əlamətdar gündə demokratiya və müstəqillik uğrunda mübarizə aparan əziz millətimizin hər bir üzvünə səmimi təşəkkürümü bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə sağlam və uzun ömür arzulayıram",- deyə B.Akgün əlavə edib./Teleqraf

Bizə qoşulun