Medianews.az
Savaşın yeni mərhələsi:
111 baxış

Savaşın yeni mərhələsi: Hədəf nədir?

Son zamanlar Ukrayna ətrafında gedən müzakirələr, cəbhədəki hərəkətlilik və dron hücumları çoxlarını klassik bir sual ətrafında birləşdirir: "Kiyev nəyi hədəfləyir?" Bir çoxları Dnepr çayının keçilməsini, Krıma desant çıxarılmasını və ya 1991-ci il sərhədlərinə qayıdışı əsas məqsəd kimi görür. Lakin bütün bu mülahizələr müharibənin dərinliyindəki əsl "oyunu" görməkdən uzaqdır.

Hədəf xarabalıqlar deyil, hakimiyyət böhranıdır

Kiyevin hazırkı strategiyası dağılmış, əhalisi köçmüş və sənayesi məhv edilmiş bölgələri işğaldan azad etməkdən daha çox, Rusiyanın daxili siyasi və iqtisadi dayaqlarını sarsıtmağa yönəlib. Bu yanaşmada Ukrayna üçün əsas hədəf torpaqlar deyil, Moskvanın idarəetmə sistemindəki çatlaqları genişləndirməkdir.

İqtisadi boğulma: Neft emalı zavodlarının, ixrac terminallarının və yanacaq infrastrukturunun vurulması təkcə hərbi ziyan deyil, həm də daxili sosial narazılığı körükləyən iqtisadi bir zərbədir.

Logistika və panika: Mülki infrastrukturun və təchizat xətlərinin hədəfə alınması, cəbhə bölgələrindən mərkəzi şəhərlərə doğru yüz minlərlə qaçqın axınını tətikləyir. Bu, Rusiyanın daxili sabitliyini sarsıdan və sosial gərginliyi maksimuma çatdıran bir mexanizmdir.

Qələbə, yoxsa "sürünən" çöküş?

Maraqlıdır ki, Ukraynanın genişmiqyaslı hücumu rus cəmiyyətini konsolidasiya edə bilər. Keçmişdəki "Kursk ssenarisi" göstərdi ki, xarici təhlükə anında rus xalqı öz liderinin ətrafında daha sıx birləşir. Buna görə də, Kiyev və onun tərəfdaşları üçün "kəskin və qələbə ilə bitən" bir hücum hazırda məqsədəuyğun deyil.

Əksinə, Qərblə hesablaşan bir strategiya işə düşüb: Rusiyanı nə tam məğlub etmək, nə də ona qalib gəlməyə imkan vermək. Hədəf Rusiyanın müharibə "qarmağında" qalıb yavaş-yavaş, addım-addım tükənməsidir. Moskvadakı rəhbərlik "bir az daha irəlilədik, bir az daha qazandıq" illüziyası ilə yaşamalıdır ki, müharibəni dayandırmaq barədə heç düşünməsinlər…

Kiyev və onun strateji tərəfdaşları müharibəni hərbi xəritədə deyil, Rusiyanın iqtisadi və sosial xəritəsində qazanmağa çalışırlar. Bu, illərlə davam edə biləcək, sistemin daxildən çürüməsinə və nəticədə bir gün gözlənilməz bir şəkildə "qapının bağlanmasına" hesablanmış bir oyundur.

Ukrayna üçün "qələbə" indi Krımın azadlığı yox, Moskvanın öz yükü altında əzilib çökməsidir.

Hadisələr göstərir ki, demə, işğal edilmiş torpaqlar rus xalqına deyil, Putinə lazım imiş.

İbrahim Nəbioğlu

Bizə qoşulun