“ABŞ Hind-Sakit Okeanı üzrə strategiyasını Çinlə geosiyasi rəqabətin əsas damarı hesab edir. Vaşinqtonun bu regionda davamlı olaraq artan diqqəti təhlükəsizliklə əlaqədar bir sıra problemləri də aktuallaşdırır. Çünki ABŞ və Çinin strateji toqquşma prinsipləri yeni mərhələyə daxil olub”.
Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov deyib.
Analitik bildirib ki, Vaşinqton və Pekin sövdələşmə üçün alternativləri nəzərdən keçirir:
“Burada iki gücün Hind-Sakit Okeanı regionunda ciddi razılaşma əldə edəcəyini proqnozlaşdırmaq olmur. Ancaq Prezident Donald Tramp administrasiyasının Çinlə münasibətlərdə Tayvan məsələsinin üzərindən sükutla keçməsi böyük suallar yaradır. Əgər Çinin Tayvana müdaxiləsi an məsələsi olacaq və bu, ABŞ ilə razılaşdırılmış ssenari kimi inkişaf edəcəksə, o zaman fərqli regionlarda dizayn dəyişikliyi qaçılmazdır. Güman ki, ABŞ Çinin Yaxın Şərqdə və Ukrayna münaqişəsində tutduğu portfelinin azaldılmasının müqabilində Pekin üçün “yaşıl işıq” yandırmaq istəyəcək. Lakin bunun özü geostrateji cəhətdən problematikdir.
Digər yandan, Çin ABŞ-ın ən zəif geosiyasi vəziyyətində Tayvana müdaxilə qərarını vermək istəyir. Bu isə mürəkkəb situasiya yaradır, çünki Vaşinqton Pekinin düşündüyünün əksinə olaraq öz strategiyasını qüvvətləndirib. Bunun əlamətlərini ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında artan brokerlik səylərində və onun Yaxın Şərq, Mərkəzi Asiyada güclənən təsir dairələrində axtarmaq lazımdır.
ABŞ ilə Çin qlobal rolları necə bölüşdürəcək – bu suala Rusiya daha ciddi cəhdlə cavablar axtarır. Çünki Ukraynadakı müharibə səbəbilə Rusiyanın geosiyasi təhlükəsizlik sahəsindən çıxaraq böyük bir sürüşməyə doğru yön ala bilər. Bu, həm ABŞ, həm də Çinə görə yaranan boşluqlara dolmaq üçün geosiyasi fürsət məqamıdır. Rusiya bu məqamların yetişməməsi üçün hər iki güclə əlaqələr sisteminə yenidən baxmaq zərurətlərini hiss etməkdədir”.

Aqşin Kərimov
Analitikin sözlərinə görə, bütün bunların fonunda Ukraynanın ərazi bütövlüyü və suverenlik məsələsində taleyi ciddi təhlükəyə çevrilir:
“Nüfuz portfelinin bölgüsündə ABŞ ilə Çinin razılaşması və ya qaldığı yerdən rəqabətə davam etməsi Rusiyanın Avropa üzərindəki təhdidlərini artırma mexanizmlərinə xidmət edə bilər.
Belə ki, Vaşinqtonla Pekin sövdələşmələrə girsə belə, bu, onların Asiyada rəqabətlərinin yüksəlişinin qarşısını almayacaq. Belə olduğu təqdirdə, Rusiya Avropada hökmranlıq dərəcəsini gücləndirmək qövsünə daxil olmaq üçün şansları qiymətləndirəcək.
Ancaq Moskva indi Ukraynada geosiyasi yorğunluq vəziyyətindədir və o, artıq ABŞ-Çin münasibətlərinin strateji dairələrində mövqelənmək qabiliyyətini itirməkdədir. Yəni, Rusiyanın Ukraynadakı nəticələri qlobal hökmranlıq bölgüsünün sərhədlərinə daha geniş təsir edəcək.
İndiki dövrdən baxdıqda, ABŞ ilə Çin prosesin strateji qələbəsini qazanan və onu bölüşdürməyə hazır olan rəqiblər olaraq bir-birilə dil tapmağa çalışır”.