"Briqada" serialında rol alan rusiyalı aktyor Aleksandr Vısokovski Moskva vilayətində balıq ovuna gedərkən itkin düşüb.
Medianews.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Bildirilib ki, aktyor iyulun 1-də Oka çayının Puşçino sahili yaxınlığında oğlu ilə birlikdə balıq tutmağa gedib. O, oğlundan uzaqlaşdıqdan sonra geri qayıtmayıb.
Aktyorun həyat yoldaşı çayda güclü axın olduğu üçün könüllülərə və motorlu qayıq sahiblərinə müraciət edib:
"Fövqəladə Hallar Nazirliyi və "LizaAlert" (red. itkin düşmüş şəxslərin axtarışına həsr olunmuş könüllü, qeyri-kommersiya ictimai birlik) axtarışları suda aparmır, bunun üçün imkan yoxdur. Motorlu qayığı və keyfiyyətli exolotu olan hər kəsdən kömək istəyirəm".
Xanımı könüllülərin yanacaq xərclərini və sərf etdikləri vaxta görə ödəniş etməyə hazır olduğunu da vurğulayıb.
Qeyd edək ki, Aleksandr Vısokovski "Briqada" serialında Saşa Belının mühafizəçisi Maksim Karelski obrazını canlandırıb. O, həmçinin "Bumer", "Türklərin yürüşü" və "Birinci Pyotr" layihələrində də rol alıb./Axşam.az