Medianews.az
Maaş artır, amma dolanışıq çətinləşir:
133 baxış

Maaş artır, amma dolanışıq çətinləşir: Səbəb nədir? – Ekspertdən AÇIQLAMA

Son illərdə Azərbaycanda əməkhaqlarının artırılması istiqamətində müxtəlif qərarlar qəbul olunsa da, bir çox vətəndaş hesab edir ki, maaşlardakı artım gündəlik xərclərin yüksəlməsini tam qarşılamır. Xüsusilə ərzaq məhsulları, kommunal ödənişlər və digər yaşayış xərclərinin bahalaşması fonunda minimum əməkhaqqının yenidən artırılması məsələsi aktuallığını qoruyur. Bəs hazırkı iqtisadi vəziyyət və əsas göstəricilər nəzərə alındıqda, yaxın zamanda Azərbaycanda minimum əməkhaqqının artırılması nə dərəcədə mümkün görünür?

Bu barədə Medianews.az-a açıqlamasında İqtisadi Təhlil İnstitutunun rəhbəri, iqtisadçı-ekspert Məmməd Talıblı bildirib ki, Azərbaycanda qiymət artımları əsasən iki istiqamətdə müşahidə olunur.

Onun sözlərinə görə, bunlardan biri inhisarçılığın yaratdığı bahalaşmadır. Digəri isə idxal olunan mal və xidmətlərin qiymətlərinin artması ilə bağlıdır ki, buna “idxal inflyasiyası” deyilir.

“Bazar iqtisadiyyatında qiymətlərin kütləvi və davamlı şəkildə artması müsbət hal hesab olunmur. Bununla belə, müəyyən qiymət dalğalanmaları tamamilə təbiidir. Problem ondadır ki, bazarda qiymət artımlarının sürəti vətəndaşların gəlirlərinin artım tempini üstələyir. Dövlət qulluğu və maliyyə-bank sektorunda çalışanlar istisna olmaqla, təhsil, səhiyyə, nəqliyyat və digər sahələrdə çalışan insanlar bunu birbaşa hiss edirlər”.

Ekspert qeyd edib ki, qiymət artımlarının rəsmi şəkildə açıqlanan səviyyədə olması inandırıcı görünmür:

“Real bahalaşma ən azı ikirəqəmlidir. Buna görə də inflyasiyanın əhalinin gəlirlərini azaltmaması üçün adekvat və ya ondan daha təsirli sosial siyasət həyata keçirilməlidir. Hazırkı vəziyyətdə isə inflyasiya gəlirləri “xərçəng” kimi sürətlə əridir”.

M.Talıblı hesab edir ki, hökumətin həyata keçirdiyi siyasət kifayət qədər effektiv və ölçüləbilən deyil:

“Fiskal siyasət daha çox investisiya yönümlüdür, nəinki çevik sosialyönümlü. Doğrudur, dövlət büdcəsinin 41 faizi sosialyönümlü xərclərə ayrılır, lakin bu vəsaitlərin sosial təsirlərinin ötürücülüyü qeyri-effektivdir. Büdcə və büdcədənkənar fondlar vasitəsilə həyata keçirilən təmir, tikinti və quruculuq işlərinə həddindən artıq üstünlük verilməsi nəticəsində əhalinin rifahında artım deyil, əksinə, yoxsullaşma hiss olunur”.

Oğuz Ayvaz

Medianews.az 

Bizə qoşulun