Kalori saymağına və ciddi pəhriz saxlamasına baxmayaraq, çəki ata bilməyən qadınların əsl problemi psixoloji ola bilər.
Medianews.az xəbər verir ki, psixoloq Yuliya Kamoyeva arıqlamağa mane olan 4 gizli səbəbi açıqlayıb:
1. Emosiyaların yeməklə tənzimlənməsi
Bir çox insan üçün yemək həyəcan, qorxu, darıxmaq və ya tənhalıqla mübarizə aparmağın yeganə yoludur. Bu vərdiş uşaqlıqdan formalaşır və insan ac olmadığı halda stressə görə soyuducuya üz tutur.
2. Xroniki yuxusuzluq
Gecəni pis yatdıqdan sonra şirniyyata və karbohidratlara yaranan meyl iradəsizlik deyil, biokimyadır. Yuxusuzluq zamanı aclıq hormonu (qrelin) artır, toxluq hormonu (leptin) isə kəskin aşağı düşür. Bəzən çəki yalnız yuxu rejimi normallaşdıqdan sonra azalmağa başlayır.
3. Arıqlamaqdan şüuraltı qorxu
Bəzi qadınların şüuraltında arıqlıq təhlükə, həddindən artıq diqqət çəkmək kimi qəbul edilir. Keçmişdə yaşanan travmalar bədənin çəkini qorumaq üçün müdafiə mexanizmi qurmasına səbəb olur.
4. Perfeksionizm ("Ya hamısı, ya heç nə" düşüncəsi)
"Bu gün diyetanı pozdum, deməli, günüm korlandı, yeməyə davam edə bilərəm" yanaşması ən çox yayılan səhvlərdən biridir. Sərt qaydalar daxili gərginlik yaradır, bu da gec-tez ifrat yeməyə səbəb olur. Sonradan yaranan günahkarlıq hissi isə yenidən yeməklə yatırılır və qapalı dairə yaranır.
Bu problemlər növbəti bir pəhriz proqramı ilə həll olunmur. Çəki itirmək üçün insanın öz psixologiyası, emosiyaları və bədəni haqqındakı inancları üzərində işləməsi mütləqdir.
Medianews.az