2026-cı il FIFA Dünya Kubokunun K qrupunun ilk turunda Portuqaliya ilə Konqo Demokratik Respublikası 1:1 hesablı heç-heçə edib.
Medianews.az xəbər verir ki, Hyuston stadionunda keçirilən görüşdə Portuqaliya hesabı 6-cı dəqiqədə Joau Neveşin qolu ilə açıb.
Konqo Demokratik Respublikası isə ilk hissəyə əlavə olunmuş vaxtda Yoane Vissanın dəqiq zərbəsi ilə bərabərliyi təmin edib. İkinci hissədə hesab dəyişməyib.
Qarşılaşmada gözlənilən performansı sərgiləyə bilməyən Kriştianu Ronaldo matçdan sonra həm azarkeşlərin, həm də futbol ictimaiyyətinin tənqid hədəfinə çevrilib.
Oyundan sonra Konqo Demokratik Respublikası azarkeşləri tribunadan Ronaldoya "Messi, Messi" şüarları səsləndiriblər. Həmin anlar sosial şəbəkələrdə geniş müzakirə olunub.
Bu nəticə ilə Konqo Demokratik Respublikası Dünya Kuboku tarixində ilk xalını qazanaraq əlamətdar uğura imza atıb. Afrika təmsilçisi qrupun favoritlərindən sayılan Portuqaliyaya qarşı əldə etdiyi heç-heçə ilə turnirə sürpriz start verib.