Yəmən Silahlı Qüvvələri İrana məxsus təyyarənin eniş etməsinin qarşısını almaq üçün üsyançı “Ənsar Allah” (husilər) hərəkatının nəzarətində olan Səna şəhərinin beynəlxalq hava limanının uçuş-eniş zolağına zərbə endirib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“İran rejimi tərəfindən dəstəklənən husilərin terror birləşmələri Yəmən milli aviaşirkətinin paytaxt Sənanın hava limanına enməsinə qadağa qoyub və İran təyyarəsinin Yəmən ərazisinə müdaxilə etməsini tələb edib, buna görə də hava limanının uçuş-eniş zolağı zərbəyə məruz qalıb”, - nazirliyin açıqlamasında bildirilib.
Zərbədən az əvvəl Müdafiə Nazirliyi Səna hava limanının dərhal təxliyə edilməsinə çağırıb və vətəndaşları obyektə yaxınlaşmamaq barədə xəbərdar edib. Nazirlik ölkənin hava məkanını pozmağa cəhd edən istənilən təyyarənin qarşısını almağa hazır olduğunu vurğulayıb və bu tədbirlərin milli suverenliyin qorunmasına yönəldiyini qeyd edib./“Qafqazinfo”