Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistanı yenə hədəf alıb. Deyib ki, Moskva iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrini tanıya bilməz, ona görə ki, “seçkilər beynəlxalq standartlara tam cavab verməyib”. Lakin o, aradakı ziddiyyətlərə rəğmən, Rusiyanın Nikol Paşinyna hökuməti ilə de-fakti işləməli olduğunu da söyləyib.
Guya Rusiyanın özündə demokratik seçkilər keçirilirmiş. “Kor kora “kor deməsə” o məsələ. Hərçənd, hətta MDB-nin Müşahidə Missiyası da parlament seçkilərinin nəticələrinə ciddi təsir edəcək pozuntuların olmadığını bəyan edib.
Şübhə yox ki, seçkilərin qalibi Rusiya desantı Samvel Karapetyanın və ya Xocalı canisi Robert Köçəryanın bloku olsaydı, Zatulin bambaşqa hava çalacaqdı. Çünki özü zərrəcə demokratik olmayan Rusiyanın başqa dövlətdə azad və ədalətli seçki axtarışı absurddur. Demokratiya Moskvaya heç gərək də deyil...
O ki qaldı rəsmi Zatulinin dediyi kimi, Moskvanın Paşinyan hökuməti ilə de-fakto işləməli olmasına, əslinə qalsa, bu elə dolayasıyla hakim partiyanın cəmiyyətdə ən böyük etimada malik olduğunun etirafıdır. Elə isə ən populyar siyasi qüvvə niyə də seçkilərin birincisi olmasın ki?
Məsələ də ondadır ki, bunu Kreml yaxşı bildiyi üçün seçkilərdən sonra Ermənistanda ictimai rəy əleyhinə gedib iğtişaşlar yaratmağa cürət eləmədi. Bu yöndə prosesləri körükləmədi. Əks-nəticədən çəkindi. Nikol Paşiynyan əleyhinə hansısa fiziki təzyiq üsulları da hələ ki, gündəmdə görünmür.
Bu, həm də o anlama gəlir ki, Rusiya radikal-revanşistlərə, proksi qüvvələrə bir elə bel bağlamaya bilər. Son günlər Paşiynanın qarşı düşərgəyə qarşı arxayın şəkildə apardığı həbslər də bu xüsusda az şey demir. Eyni zamanda, qalib qüvvənin özünə əminliyindən xəbər verir...

Bəlli ki, Ermənistana girişi yasaq edilən Zatulin sıradan biri deyil. Putinin sədri olduğu hakim “Vahid Rusiya” partiyasının üzvü, Dumanın komitə sədrinin müavinidir. Yəni bu zat yalnızca öz adından danışmır. Rusiya siyasi isteblişmentindəki ovqatı ifadə edir.
O həm də bir Azərbaycan, türk düşməni. Biz onun Bakıya ünvanlı hərzə-hədyanlarını da çox görmüşük. Son olaraq Zatulin xuntaçıların Bakıdakı məhkəməsini utanmazcasına “tamaşa” adlandırmışdı. Beləcə, Azərbaycan dövlətinin suverenliyinə növbəti dəfə dil uzatmış, həqarət eləmişdi.
O, həmçinin, Qarabağı Azərbaycanın tərkib hissəsi sayan sənədə imza atdığı üçün hələ də Paşinyanı sərt tənqid edənlərdən biridir. Sanki Nikol bizm qanuni torpağımız olan Qarabağı deyil, Rusiyanın hansısa vilayətini Azərbaycan ərazisi elan edib...
Zatulinlıərin xroniki xofunun və “qarın ağrısının” nədəni çoxdan məlum: günün birində Azərbaycan və erməni xalqlarının barışması və düşmənçiliyin bitməsi. O halda, əlbəttə ki, Rusiya üçün Türkdən “xoxan” düzəltmək asan olmayacaq. Gümrüdəki rus hərbi bazasının varlığına, Türkiyə ilə sərhədi rus əsgərinin qorunmasına da lüzum qalmayacaq.
Kremlin ən pis yuxusu, ən böyük təlaşı bu, nəinki seçkilərin demokratikliyi. Bu nağılları Zatulin qoy gedib özü ağlında olanlara danışsın...
Z. SƏFƏROĞLU