Martın 20-də sübh saatlarında İranın paytaxtı Tehran və Kərəc şəhəri yaxınlığındakı Mehrşəhr rayonunda daha iki yüksək vəzifəli rəsminin hədəf alındığı barədə məlumatlar yayılıb.
Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, kəşfiyyat mənbələri və yerli sakinlərin verdiyi məlumata görə, paytaxtın mərkəzi hissəsində və strateji əhəmiyyətli Mehrşəhr bölgəsində ard-arda partlayış səsləri eşidilib.
İlkin məlumatlara görə, hədəflərdən biri SEPAH-ın logistika və ya rabitə sahəsinə cavabdeh olan komandirlərindən biri, digəri isə daxili təhlükəsizlik sistemində mühüm rol oynayan vəzifəli şəxsdir. Hələlik rəsmi Tehran tərəfindən bu şəxslərin kimliyi barədə dəqiq məlumat verilməsə də, hadisə yerlərinə çoxsaylı təhlükəsizlik qüvvələri və təcili yardım maşınlarının cəlb edildiyi bildirilir.
Bu hadisə martın 20-də sübh saatlarında SEPAH-ın rəsmi sözçüsü general Əli Məhəmməd Naeninin məhv edilməsindən cəmi bir neçə saat sonraya təsadüf edir. Xatırladaq ki, son günlər İranın idarəetmə iyerarxiyasında ard-arda sarsıdıcı itkilər yaşanmaqdadır:
Martın 17-də: Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və "Bəsic" komandanı Qulamrza Süleymani;
Martın 18-də: Kəşfiyyat naziri İsmayıl Xatib məhv edilib.
ABŞ və İsrailin "Şir nəriltisi" (Lion’s Roar) əməliyyatı çərçivəsində tətbiq etdiyi bu taktika İranın hərbi və siyasi idarəetmə mexanizmini tamamilə iflic etməyə hesablanıb. Kərəc və Mehrşəhr kimi strateji nöqtələrin hədəf seçilməsi isə rejimin qaçıb gizlənməyə çalışdığı "etibarlı sığınacaqların" artıq kəşfiyyat tərəfindən tam nəzarətə götürüldüyünü göstərir.