“Biz bu sənəti öyrənmək üçün dəridən-qabıqdan çıxmışıq. O vaxt nə maqnitofondan istifadə etmirdim, nə də diktofondan. Çalışırdım canlı öyrənim. İndi kompyuter, süni-intellekt zəmanəsidir. Evdə məşq edirsən, görürsən ki, səndən əvvəl onu hazırlayıb oxuyurlar.Heç bilmirlər ki, bu harada bişib, harada düşüb? Ona görə o vaxt demişəm ki, biz əziyyət çəkib sənət öyrənirik, onlar sosial şəbəkə ilə məşhurlaşırlar. Sən oturub evdə yazı və dərs yazırsan, qəzəl hazırlayırsan, iki ayın içində populyar olanlar hər gün toydadırlar. Zəng edəndə də telefonuna cavab vermir ki, vaxtım yoxdur”.
Bunu Medianews.az-a açıqlamasında Xalq artisti, xanəndə Zabit Nəbizadə deyib.

Xanəndə həmin müğənniləri məşhurlaşdıran efirləri qınayıb. Sənətkar həmçinin bildirib onlar fonoqram ifaları ilə xalqı da aldatmağı bacarıblar:

“Bunu da edən efirlərdir. Efirlər onları dəvət etməsəydilər, tamaşaçı haradan tanıyacaqdı?! İki mahnı oxuyurlar, ikisi də diskdən. Efirə çağırmısızsa qoy canlı oxusunlar da. Bacarmırlar axı! Onda bilinəcək ki, nə var, nə yox?! Toyda da fonaqram oxuyurlar, efirdə də. Tez-tez eşidirəm, deyirlər ki, yeni mövsümdən televiziyalarda dəyişikliklər olacaq, hər müğənnini efirə çıxarmayacaqlar. Heç bir dəyişiklik də olmayacaq! Guya efirə çımayan müğənniyə efir lazımdır ki? Həmin efir qadağası olan müğənnilər artıq sosial şəbəkədən tanınırlar və dəbdədirlər. Necə deyərlər “mod salıblar”. Camaat deyir ki, toyuma o gəlirsə gəlsin, gəlmirsə mən bəy dayanmıram, gəlin köçmürəm. Kanalların onlara ehtiyacı var. Onların televiziyaya ehtiyacları yoxdur” deyə xanəndə bildirib.
Əli Əsgər
Medianews.az