Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ictimai-siyasi, tarixi, fəlsəfi mövzularda bir sıra kitabların müəllifidir.
Onun Səfəvilər dövlətinin banisi və ilk şahı, böyük şair, sərkərdə Şah İsmayıl Xətai haqqında da məqalələri, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” adlı kitabı var.

2025-ci ilin oktyabrında Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Hazırda ölkə mediasında, sosial şəbəkələrin Azərbaycan seqmentində bu məsələlər geniş müzakirə olunur.
Qəribədir ki, bu müzakirələrdə bəziləri Ramiz Mehdiyevə görə Şah İsmayıl Xətaini də hədəfə alır.

Politoloq Xaqani Cəfərli Medianews.az-a açıqlamasında deyib ki, Ramiz Mehdiyev ömrünün sonuna kimi zindanda yatsa belə törətdiyi qanunsuz, bədnam əməllərin yarısının əvəzini ödəyə bilməz: “Lakin bu heç kimə haqq vermir ki, Ramiz Mehdiyev kitab yazıb deyə Şah İsmayıl Xətaini - Azərbaycan tarixinin ən böyük dövlət xadimini, Azərbaycan coğrafiyasının vətən kimi bütövləşməsinin, Azərbaycan xalqının vahid etnos kimi formalaşmasının ən həlledici mərhələsi olan Səfəvilər dövlətinin qurucusunu hədəfə alsın.
Şah İsmayıl Səfəvi Azərbaycan coğrafiyasının vətən kimi bütövləşməsində və Azərbaycan xalqının vahid etnos kimi formalaşmasında müstəsna rol oynamış Babək Xürrəmi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə və Məhəmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlərdən biridir ki, onu bu gün təftiş etmək Bütöv Azərbaycanın yoluna mina basdırmaqdır”.
X.Cəfərlinin fikrincə, Şah İsmayıl Səfəvinin türk-islam dünyasını ikiyə parçalaması haqqında qondarma tezisi xaricdəki qaranlıq dairələrdən Azərbaycana ixrac etməyə çalışırlar: “Məqsəd azərbaycanlı kimliyini məhv etməkdir. Bu məqsədlə məqalələr yazanlar bilməlidir ki, Azərbaycan cəmiyyəti bu bədnam fəaliyyətin fərqindədir”.
Toğrul Əli,
Medianews.az