Medianews.az
Ramanada Ramiz Mehdiyevin 32 hektar bağı
161 baxış

Ramanada Ramiz Mehdiyevin 32 hektar bağı əlindən alındı

Şabranda bağların ələ keçirilməsi cinayətləri araşdırılacaqmı?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ilə bağlı növbəti diqqətçəkən iddia gündəmə gəlib. Məlumata görə, onun Ramanı qəsəbəsində yerləşən geniş əraziyə malik bağı artıq əlindən alınıb. İddialara əsasən, ümumi sahəsi 32 hektar olan bu ərazi uzun illər ərzində Mehdiyev, oğlu və həyat yoldaşı tərəfindən kənd təsərrüfatı məqsədilə icarəyə götürülüb. Bildirilir ki, həmin torpaq sahəsinə görə ailə üzvləri uzun müddət dövlət büdcəsindən subsidiya da alıblar.  

Sözügedən ərazidə bir neçə villa, eləcə də Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva tərəfindən salınmış ekzotik gül sahələri, zeytun və badam bağları mövcud olub. Bundan əlavə, ərazidə heyvandarlıq təsərrüfatı – inək və keçi fermalarının da fəaliyyət göstərdiyi bildirilir. Əsas diqqətçəkən məqam isə odur ki, bələdiyyə ilə bağlanmış 99 illik icarə müqaviləsinə bu həftənin əvvəlində xitam verildiyi iddia olunur. Məlumata görə, torpağın bir hissəsində yeni badam bağlarının salınması və mövcud sahələrlə birləşdirilməsi planlaşdırılır. Digər hissədə isə Ramanı sakinləri üçün ictimai parkın yaradılması nəzərdə tutulur. Ramiz Mehdiyev ilə bağlı iddialar təkcə Ramanıdakı bağla məhdudlaşmır. Şimal bölgəsində – xüsusilə Şabran rayonunda baş verən hadisələr bu ailə ətrafında illərlə formalaşmış daha geniş təsir və mülkiyyət mübahisələrini üzə çıxarır. Məsələ ondadır ki, Ramiz Mehdiyevin kürəkəni – sabiq deputat İlham Əliyev Şabran sakini, sahibkar Mansur İbrahimovun illərdir ki, torpaq və biznesini zəbt edib. Mansur İbrahimova məxsus meyvə bağları müxtəlif yollarla əlindən alınıb və başqa təsərrüfatlara qatılıb. Onun sözlərinə görə, 2011-ci ildən başlayan “şəriklik” münasibəti qısa müddətdə faktiki olaraq mülkiyyətin itirilməsi ilə nəticələnib. Sahibkar bildirir ki, ilkin razılaşmaya görə sərmayə qoyulmalı olsa da, əksinə, o, idarəetmədən kənarlaşdırılıb və “sıfırdan qurduğu şirkət” əlindən çıxıb.

Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və…

Mübahisənin mərkəzində onlarla hektar torpaq dayanır. Mansur İbrahimova məxsus 52 hektar bağ sahəsi başqa təsərrüfatın – “TurAZ” MMC-nin ümumi torpaq fonduna qatılaraq faktiki şəkildə zəbt olunub. Bu məsələ ilə bağlı məhkəmə çəkişmələri illərlə davam edib. Nəhayət, məhkəmələrdən birində sahibkarın xeyrinə qərar çıxarılaraq həmin torpaq sahəsinin geri qaytarılması tələb olunub. Digər epizodda isə daha konkret nəticə qeydə alınıb. Ali Məhkəmə instansiyasında baxılan iş üzrə 26,67 hektar bağ sahəsinin sahibkara qaytarılması barədə qərar qüvvədə saxlanılıb. Bu qərar, mediada “illərlə davam edən torpaq qalmaqalına son” kimi təqdim edilsə də, məsələ bununla bitmir. Mansur İbrahimov bildirir ki, ümumilikdə daha böyük – 80 hektara yaxın ərazi üzrə hüquqları pozulub və mübarizə hələ də davam edir. Sahibkarın deyir ki, torpaqların ələ keçirilməsi prosesində İlham Əliyev həm deputat statusundan, həm də qayınatası Ramiz Mehdiyevin yüksək vəzifəsindən yararlanıb.
Beləliklə, Ramanıdakı 32 hektarlıq bağın əlindən alınması ilə bağlı yayılan son məlumatlar fonunda Şabrandakı hadisələr bu ailənin torpaq və biznes aktivləri ətrafında daha geniş suallar doğurur. Bir tərəfdə dövlət subsidiyalarının vəzifədən sui-istifadə edilməklə mənimsənilməsi, digər tərəfdə isə sahibkarların əmlaklarını vəzifədən sui-istifadə etməklə ələ keçirilməsi halları ortadadır. Bu faktlar hələlik rəsmi qurumlar tərəfindən tam şəkildə təsdiqlənməsə də, məhkəmə qərarları və illərlə davam edən çəkişmələr göstərir ki, məsələ tək bir bağın taleyi deyil, sistemli və uzunmüddətli qanunsuz, əksər hallarda cinayətə bərbər hadisələrin nəticəsidir./musavat.com/

Bizə qoşulun