Bir futbol məşqçisi üçün “yaxşı nəticə” nə deməkdir? Məncə bu, əlindəki resurslardan maksimum istifadə edərək mümkün olan ən çox xalı toplamaqdır.
Bəs resurs nədir? Əsas resurs məşqçinin ixtiyarındakı oyunçu heyətidir. Bu resursun keyfiyyətini necə ölçmək olar? Bu, əlbəttə ki, mübahisəli məsələdir, amma ümumi transfer dəyərini komandanın ən obyektiv göstəricisi saymaq mümkündür.
Məhz buna görə sizə Çempionlar Liqasında komandaların transfer dəyəri ilə topladıqları xallar arasındakı əlaqəni göstərən qrafik təqdim edirəm.

Qrafikdəki göy xətt trend xəttidir. Bu xətt komandaların heyət dəyəri ilə Çempionlar Liqasında topladıqları xallar arasında orta hesabla gözlənilən əlaqəni göstərir.
Trend xəttindən yuxarıda yerləşən komandalar resurslarına nisbətən gözləntilərdən daha yaxşı nəticə göstəriblər, aşağıda olanlar isə əksinə - resurslarına baxmayaraq zəif çıxış ediblər.
Açıq-aşkar görünür ki, “Barselona”, “Çelsi”, “Mançester Siti”, “Real Madrid” və PSJ resurslarına nisbətən uğursuz nəticə göstəriblər. “Arsenal” isə açıq şəkildə fərqlənib.
Trend xəttinin üzərində və ona yaxın yerləşən komandalar isə ümumilikdə resurslarına uyğun, yəni gözləntiləri doğruldan nəticə əldə ediblər.



Bəs ümumi mənzərədə hansı komandanın məşqçisi ən üstün nəticəni göstərib? Bunu hesablamaq üçün topladıqları xalları komandanın transfer dəyərinə bölürük və “hər milyon avroya neçə xal qazanılıb” göstəricisini əldə edirik. Bu göstəriciyə əsasən ilk üçlük belədir:
“Pafos” – hər milyon avroya 0.35 xal
“Qarabağ” – hər milyon avroya 0.34 xal
“Bodo/Glimt” – hər milyon avroya 0.15 xal
Ən zəif nəticə isə “Villarreal” klubundadır – hər milyon avroya cəmi 0.003 xal.
Beləliklə, “Qarabağ”ın məşqçi heyəti sadəcə yaxşı yox, mükəmməl nəticə göstərərək tarix yazıb (hələ növbəti mərhələyə keçməsini demirəm). Davamı gəlsin!
Adnan Hacızadə