“İyulun 27-də Nikol Paşinyanın təşəbbüsü ilə baş tutan telefon danışığı Vladimir Putinlə 7 iyun parlament seçkilərindən sonra ilk müzakirə olub”.
Medianews.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Ekspertin sözlərinə görə, bu telefon danışığı siyasi baxımdan əhəmiyyətli olub, çünki Ermənistan-Rusiya münasibətlərində yığılıb qalmış gərginlik və Rusiya bazarına ixraca qoyulan məhdudiyyətlər nəticəsində yaranmış iqtisadi çətinliklər fonunda baş tutub:
“Diqqətçəkən məqam ondan ibarətdir ki, Putinlə telefon danışığından əvvəl Paşinyan Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makronla da telefonla danışmışdı. Görünür, avropalı tərəfdaşlarla təmaslar Rusiya bazarındakı məhdudiyyətləri yumşalda biləcək nəticəni verməyib. Belə şəraitdə Moskvaya müraciət etmək artıq siyasi seçimdən daha çox obyektiv zərurətə çevrilib.
İrəvanın yaydığı məlumata görə, Paşinyan Ermənistan məhsullarının ixracına qoyulan məhdudiyyətlər məsələsini qaldıraraq vurğulayıb ki, bunlar həm Ermənistan-Rusiya hüquqi-müqavilə bazasına, həm də Avrasiya İqtisadi Birliyinin (AİB) prinsiplərinə ziddir və problemin həlli istiqamətində tədbirlər görülməsini xahiş edib.
Kremlin rəsmi məlumatı isə tamamilə başqa prioriteti ortaya qoyur. Rusiya tərəfi yenidən Ermənistanın Avropa İttifaqına inteqrasiyası məsələsini gündəmə gətirib. Putin mayın 29-da Astanada AİB-ə üzv dörd ölkənin (Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya) rəhbərlərinin qəbul etdiyi birgə bəyanatın məntiqini bir daha təsdiqləyib və Ermənistanda mümkün qədər tez referendumun keçirilməsinin zəruriliyini vurğulayıb ki, ölkənin strateji olaraq hansı istiqaməti seçdiyi - Avropa İttifaqını, yoxsa AİB-də qalmağı dəqiqləşdirilsin.
Cavab olaraq Paşinyan faktiki şəkildə etiraf edib ki, Avropa İttifaqına üzvlük prosesi hələlik praktik mərhələdə deyil. O bildirib ki, referendum yalnız Ermənistanın Avropa İttifaqına rəsmi müraciət etməsi halında mümkün ola bilər. Amma hətta bu ehtiyatlı mövqe də görünən nəticə verməyib. Telefon danışığından sonra ixrac məhdudiyyətlərinin aradan qaldırılması və ya yumşaldılması barədə heç bir açıqlama verilməyib”.
Surenyants qeyd edib ki, Kremlin məlumatında iqtisadi problemlər ümumiyyətlə xatırlanmayıb, bununla Moskvanın əsas prioriteti açıq şəkildə göstərilib:
“Diqqətçəkən digər məqam isə budur ki, bu, Putinin Paşinyanı parlament seçkilərində qələbə münasibətilə təbrik etmədiyi növbəti haldır. Dövlətlərarası münasibətlər praktikasında belə bir səssizlik nadir hallarda təsadüfi olur və adətən siyasi mesaj daşıyır.
Telefon danışığının məzmunu aprelin 1-də keçirilmiş Paşinyan-Putin görüşünün və Astana bəyanatının siyasi məntiqinin davamı idi. Moskva artıq İrəvanın “iki stulda oturmaq” siyasətinə dözmək niyyətində deyil.
Bundan başqa, Astana sənədində nəzərdə tutulur ki, 2026-cı ilin dekabrına qədər AİB Hökumətlərarası Şurası AİB müqaviləsinin Ermənistan barədə tətbiqinin dayandırılmasının mümkün nəticələri haqda hesabat təqdim etməlidir. Bu, artıq təkcə xəbərdarlıq deyil, konkret vaxt çərçivəsi olan prosesdir”.
Politoloqun fikrincə, Paşinyan-Putin telefon danışığı Ermənistan-Rusiya münasibətlərində mövcud böhranın aradan qaldırılmasının başlanğıcı olmayıb:
“Əksinə, bu təsdiqlədi ki, tərəflər arasındakı strateji fikir ayrılıqları dərinləşməkdə davam edir, iqtisadi problemlər isə artıq həmin böhranın ən görünən təzahürlərindən birinə çevrilib. Moskva açıq şəkildə İrəvanın iqtisadi çətinliklərini və ya siyasi izahatlarını rəhbər tutmağa hazır deyil. Rusiya Ermənistandan artıq təminatlar deyil, aydın və qəti strateji seçim gözləyir.
“Moskva göz yaşlarına inanmır” - dünənki telefon danışığının siyasi məzmununu məhz bu ifadə ən yaxşı şəkildə xarakterizə edir”.\\Teleqraf