Yay aylarında havaların həddindən artıq isti keçməsi uşaqlarda günvurma riskini artırır. Mütəxəssislər valideynlərə uşaqları xüsusilə günün ən isti saatlarında günəşdən qorumağı tövsiyə edirlər.
Medianews.az xəbər verir ki, uşaq sağlamlığı üzrə mütəxəssis Senem Tufan Dursun sözlərinə görə, uşaqların bədən temperaturunu tənzimləmə mexanizmi tam formalaşmadığı üçün onlar isti havadan böyüklərə nisbətən daha çox təsirlənirlər. Orqanizmdə maye çatışmazlığı da günvurma riskini artırır.
O bildirib ki, günvurma zamanı yüksək hərarət, halsızlıq, baş ağrısı, dəridə qızartı, quruluq, sidik ifrazının azalması, huşun itməsi, həddindən artıq narahatlıq və əzələ ağrıları kimi əlamətlər müşahidə oluna bilər. Belə hallarda dərhal tibb müəssisəsinə müraciət edilməlidir.
Mütəxəssis vurğulayıb ki, günvurmadan şübhələnildikdə uşağın artıq geyimləri çıxarılmalı, sərin mühitə aparılmalı, bədəni soyudulmalı və bol maye qəbul etməsi təmin edilməlidir. Bədən hərarətinin 40 dərəcədən yuxarı qalxması həyati təhlükə yarada bilər.
Həkim valideynlərə 10:00-16:00 saatları arasında, xüsusilə azyaşlı uşaqları açıq havaya çıxarmamağı tövsiyə edib. Zərurət yarandıqda açıq rəngli, nəfəsalan geyimlər, enli kənarlı papaqlar seçilməli, uşaqlar kölgədə saxlanmalı və kifayət qədər maye qəbul etməlidirlər.
Bundan əlavə, altı aydan böyük körpələrdə yaşa uyğun günəşdən qoruyucu vasitələrdən istifadə oluna bilər. Altı aydan kiçik körpələr üçün isə əsas qorunma üsulu birbaşa günəş şüalarından uzaq saxlamaq, papaq geyindirmək və nazik, uzunqollu geyimlərdən istifadə etməkdir.