“Fənərbaxça” ingiltərəli hücumçu Mason Qrinvudun transferini başa çatdırmağa yaxındır.
Medianews.az xəbər verir ki, Türkiyə klubu futbolçunun çıxış etdiyi Fransanın "Marsel" klubu ilə bütün əsas şərtlər üzrə razılıq əldə edib.
Bildirilir ki, “Fənərbaxça” Qrinvudun transferi üçün "Marsel"ə 39,5 milyon avro təzminat ödəyəcək. Razılaşma rəsmiləşərsə, bu, klub tarixində ən yüksək məbləğ ödənilən transfer olacaq.
Transferin son detallarını yekunlaşdırmaq üçün klubun futbola məsul rəhbəri Cihan Kamer və futbol direktoru Oğuz Çətin Marselə yollanıblar. Onların Fransada olduqlarını əks etdirən ilk görüntülər də yayılıb. Son prosedurlar tamamlandıqdan sonra Mason Qrinvudun yaxın günlərdə İstanbula gəlməsi gözlənilir.
Məlumata görə, ingiltərəli futbolçu ilə İspaniyanın "Atletiko Madrid" və İtaliyanın "Roma" klubları da maraqlansa da, transfer yarışında “Fənərbaxça” üstün olub.
Türkiyə mətbuatı transferin bu həftənin sonunadək rəsmən açıqlanacağını bildirir.

