Azərbaycanda yeni qurumun - Media və Yayım Şurasının yaradılmasını nəzərdə tutan qanun layihəsi sabah Mili Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bunu Medianews.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

İnsan hüquqları komitəsinin hazırladığı layihəni Milli Məclis iyunun 19-u birinci, iyunun 30-u ikinci oxunuşda qəbul edib.
Söhbət “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara təklif olunan dəyişiklik layihəsindən gedir.
Layihədə Media və Yayım Şurasını Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın əsasında vahid qurum kimi yaratmaq təklif olunur.
Üçüncü oxunuş - sonuncu oxunuşdur.
Prosedura görə, Milli Məclis sonuncu oxunuşda qəbul edilmiş qanun layihəsini iki həftə ərzində dövlət başçısına göndərməlidir.
Medianews.az-ın “Media və Yayım Şurasının yaradılması hansı tarixdən start götürə və nə vaxt yekunlaşa bilər” sualına cavab olaraq Z.Oruc qeyd edib ki, üçüncü oxunuşdan keçəndən sonra Prezidentin qanunu fərman imzalayaraq təsdiqləməsi, beləliklə, icra prosesinin başlanması gözlənilir: “Amma bu mərhələ rəhbərliyin kompetensiyasındadır”.
Nailə Qasımova,
Medianews.az