Qoyunların, danaların rahat avtomobillərlə mal bazarına daşınması haqqında qanun cəmiyyətdə yersiz müzakirələrə səbəb oldu. Guya nəticədə ət bahalaşa bilərmiş. Deməli ucuz ət alıb yeyirmişlər. Bəs əvvəlki ağlaşmalar nə üçün idi?
Hətta REAL partiyasının sədri Natiq müəllimin natiqliyi tutdu, dedi inəkləri limuzinlə daşımaq istəyirlər. Aşkar populizm idi. Ümumiyyətlə, bu partiya son illərdə sağ mərkəzçi mövqedən sol radikala yuvarlandı, arada xristian-demokratlıq və islamçı-konservator mövqeləri də olmuşdur. Partiyanın MM-dəki fraksiyasının lideri Erkin müəllim isə liberal-bozqurd kimi tanınır.
Ancaq heyvanları təmiz və ləyaqətli daşımaq əvvəl-axır lazım idi. Biz Avropa Şurasına üzv olmaq istəyirik. Orda heyvan hüquqlarını ciddi şəkildə qoruyurlar. Əgər biz nəqliyyat prosesində bu beynəlxalq normaları təmin etməsək, ordan necə çıxacağıq? Paradoksal görünsə də belədir. Nə etmək olar...
Ümumiyyətlə, yaxşı işləri görməyən xeyli adam var. Bu yaxında yumurtanın biri 1 qəpiyə olmuşdu, heç buna görə sağ ol deyilmədi.
Hazırda Milli Məclis balıqçılıq haqqında yeni qanun hazırlayır. Güman edirəm orda balıq ovu, balıqların bazara daşınması, kürü yaxmacının qalınlığı barədə dövlət normativləri də olacaqdır. Yoxsa indi hərə kefi istəyən nəqliyyat üsulu ilə balıq daşıyır. Biri vedrədə, başqası vannada, üçüncü qarmaqda... Balıqlarla humanist davranmalıyıq.
Başa düşürəm, indi REAL sədri yenə səs-küy qoparacaq ki, bəs nə edək, balıq daşımaq üçün yaxta alaq? Məncə, şanlı hökumətimiz və parlamentimiz belə populistlərə daha fikir verməməlidir. Balıqları su hövzələrindən piştaxta və süfrələrimizə çatdırmaq üçün humanist, işıqlı, müasir balıqqulağı ilə döşənmiş, temperatur tənzimləməsi olan nəqliyyat akvariumları təchiz olunmalıdır. Akvariumları satın almaq üçün balıq satanlara 2027-ci ilin yanvarına qədər vaxt vermək mümkündür.
Yaxşı yadıma düşdü, bir “balıqçı” xatirəmi sayın oxucularla bölüşmək istərdim. İş elə gətirib ki, mən həyatımda heç vaxt balıq tutmamışam, ümumiyyətlə, bu sahəyə hər hansı marağım olmayıb. 10-15 il qabaq bir dostumuz dedi ki, Zığ tərəfdə balıq tutmağa gedəcək, istəsəm ona qoşula bilərəm. Səhər obaşdan, necə deyərlər, balıqlar tayadan düşməmiş yola düzəldik, mövqe seçdik, qarmaq atdıq. Xatırlayıram ki, sahildə bizim kimi bir neçə bekar adam da var idi. Az keçdi, uz keçdi, birdən gördüm tilov tərpənir. Qarmağa hardasa 15-20 santimetrlik bir balıq keçmişdi. Onu qarmaqdan çıxaranda ağzının qanı axdı, heyvana çox yazığım gəldi və dərhal təzədən suya atdım. Mənim balıqçılığım bununla da bitdi. Necə deyərlər, başlamadan bitdi.
Əlbəttə, növbəti addım kimi xiyar-pomidorun humanist daşınması lazım gələcək, çünki vegetarian və veqanlarımız də bostan məhsullarına, tərəvəzlərə baxış bucağımızı dəyişdirməyimizi istəyirlər. Dəfələrlə görmüşük, kartofu kisədə bir-birinin üstünə yığırlar, incidirlər. Qarpızlar dar kamera-qəfəslərdə işgəncə altında saxlanılır. Almalar baqajda daşınır və sairə.
Biz hüquqi dövlətdə yaşadığımız üçün qanunlar, o cümlədən beynəlxalq konvensiyalara həddindən artıq əməl edirik. Çox vaxt camaatın heç xəbəri olmur, deputatlarımız isə qanun işində ayıqdırlar. Misal üçün, 10 iyulda “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi MM-də müzakirəyə çıxarıldı, müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ratifikasiya edildi. Halbuki, 10 iyulacan gəmilərin ballast sularına nəzarət zəif idi. Kapitanlar həmin suyu kefləri istəyən yerdə axıdırdı.
İndi görək müxalifət gəmilərin ballast sularının idarə edilməsi üzrə bu mütərəqqi addımı qiymətləndirəckmi? Heç inanmağım gəlmir.
Zamin HACI