Medianews.az
Pensiyası kəsilən pensiyaçı nə etsin? –
167 baxış

Pensiyası kəsilən pensiyaçı nə etsin? – Hüquqşünas rəyi

“Əmək pensiyaları haqqında” qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası şəxsin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən etdiyi əlillik dövrü üçün, pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.

Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 64,5-dir. Müddətli əlillik dövrü 1, 2, 5 il arası dəyişir. Həmin müddət bitəndə əlillik yenidən qiymətləndirilir, bu zaman pensiya ödənişinin dayandırılması halları da qeydə alınır.

Pensiyanın kəsilməsi bəzən pensiya yaşına çatmış şəxsləri də əhatə edir. Halbuki Azərbaycan Ali Məhkəməsinin əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliyə görə əmək pensiyasının müddətsiz təyinatı ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərarı da var. Qərara əsasən, şəxs əlillik dövründə pensiya yaşına çatdığı halda və həmin anda əlillik statusu qüvvədə olduqda əlilliyə görə əmək pensiyası ömürlük (müddətsiz) təyin edilməlidir və bunun üçün əlavə müraciət tələb olunmur.

Ali Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” qanunun 32.2-ci maddəsində pensiya yaşına çatmış əlillərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi imperativ qaydada nəzərdə tutulub, yəni mütləqdir və bu zaman əlilliyin yenidən qiymətləndirilməsi və ya şəxsin əlavə müraciəti şərt kimi müəyyən edilməyib: “Şəxsə əvvəllər əlilliyə görə pensiya müəyyən müddət üçün təyin olunmuş olsa da, həmin müddət ərzində pensiya yaşına çatdığı halda onun pensiyasının ömürlük təyin edilməsi hüququ yaranır. Bu hüququn reallaşdırılması əlavə formal prosedurlarla məhdudlaşdırıla bilməz”.

Medainaews.az saytına danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, əlillik müddəti bitəndə əlilliyi yenidən qiymətləndirilən və pensiya ödənişi dayandırılan şəxslər arasında pensiya yaşına çatmış vətəndaşların da olması sirr deyil: “Bəli, belə bir praktika mövcuddur. Tutaq ki, şəxsin əlillik pensiyası hüququ var. 65 yaşına çatanda isə onun yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Amma yığım kapitalının, yaxud sığorta stajının olmaması səbəbindən və ya digər səbəblərdən ona yaşa görə əmək pensiyası deyil, yaşa görə müavinət təyin edilirdi. Lakin Ali Məhkəmənin bununla bağlı qərarı oldu ki, bu yanaşma düzgün deyil və beləcə yeni bir praktika yarandı. Ölkəmizdə məhkəmə presedenti anlayışı tam formalaşmadığı üçün hər bir vətəndaş bənzər halla qarşılaşdıqda fərdi qaydada addım atmalı, hüquqi addımlara baş vurmalıdır.

Vətəndaş ilk növbədə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək pensiyasının bərpasını tələb etməlidir. Mənfi cavab aldıqda Ali Məhkəmənin həmin ümumiləşdirilmiş qərarına və praktikasına istinad edərək İnzibati Məhkəməyə şikayət ünvanlamalıdır. Bu yolla pensiya hüququnu təmin etmək mümkündür. Bəlkə gələcəkdə “Əmək pensiyaları haqqında” qanuna başqa mexanizmlərin tətbiqini nəzərdə tutan dəyişikliklər edilər, fərqli durum yaranar. Hələlik bu dəyişikliklər yoxdur və qeyd etdiyim hüquqi yoldan istifadə etmək ən effektiv variantdır”.

Nailə Qasımova,
Medainaews.az

Bizə qoşulun