Türkiyənin Trabzon şəhərində boşanma prosesində olduğu həyat yoldaşı 27 yaşlı Sinem Somunu güllələyərək öldürməkdə və hadisə yerinə gələn məhəllə mühafizəçisini yaralamaqda təqsirləndirilən Əli Eren Somun ilk dəfə hakim qarşısına çıxıb.
Medianews.az xəbər verir ki, hadisə 31 iyul 2025-ci ildə Trabzonun Beşikdüzü rayonunun Adacık məhəlləsində baş verib.
Qadağa qərarını pozaraq arxa eyvandan evə daxil olan Somun ilə Sinem Somun arasında mübahisə yaranıb. Mübahisə zamanı açılan atəş nəticəsində Sinem Somun ayaq və kürək nahiyəsindən güllə yarası alıb və hadisə yerində həyatını itirib.

Hadisə yerinə gələn məhəllə mühafizəçisi E.E. də silahla yaralanıb. Ayağından güllə yarası alan mühafizəçi əməliyyat olunduqdan sonra evə buraxılıb.
Hadisədən sonra motosikletlə qaçan Əli Eren Somun tanınmamaq üçün saçını, saqqalını və qaşlarını kəsib. O, Sinopda meşəlik ərazidə qurduğu çadırda saxlanılıb və həbs edilib.
Təqsirləndirilən şəxsə qarşı “həyat yoldaşını qəsdən öldürmə”, “ictimai vəzifəsini yerinə yetirən şəxsi öldürməyə cəhd”, “təhdid” və “sənədsiz odlu silah saxlama” maddələri ilə ağırlaşdırılmış ömürlük həbs və 25 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələbi ilə ittiham irəli sürülüb.
İşə Trabzon 2-ci Ağır Cinayət Məhkəməsində baxılır. Təqsirləndirilən şəxs Elazığ həbsxanasından SEGBİS vasitəsilə prosesə qatılıb. Məhkəmədə mərhumun ailə üzvləri və tərəflərin vəkilləri iştirak ediblər.

Əli Eren Somun ifadəsində bildirib ki, həyat yoldaşını öldürmək niyyəti olmayıb. O, hadisə günü silahı pilləkənə doğru atəş açdığını iddia edib və qorxduğu üçün hadisə yerindən qaçdığını deyib. Somun əlavə edib ki, Sinopda dəniz kənarında qaldığını və saxlanılan zaman həyat yoldaşının öldüyünü öyrəndiyini bildirib.
Məhkəmə zərərçəkmiş mühafizəçi E.E.-nin də ifadəsini dinləyib. O, hadisə zamanı iki silah səsi eşitdiyini və Sinem Somuna kömək etməyə çalışarkən yaralandığını deyib.
Mərhumun anası Derya Topaloğlu məhkəmədə çıxış edərək şikayətdən sonadək vaz keçməyəcəyini bildirib.
Məhkəmə təqsirləndirilən şəxsin həbs qətimkan tədbirinin davam etdirilməsi barədə qərar qəbul edib və növbəti iclası 13 mart tarixinə təyin edib.
Məhkəmə iclasından sonra mərhumun nənəsi Gülnaz Topaloğlu məhkəmə binasının qarşısında halı pisləşərək xəstəxanaya aparılıb. Onun vəziyyətinin stabil olduğu açıqlanıb.
Medianews.az