Türkiyədə "OnlyFans" platformasında fəaliyyət göstərən bəzi kontent yaradıcılarına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Medianews.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Kiber Cinayətlərə Qarşı Mübarizə Bölməsi, İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə “çirkli pulların yuyulması” və “əxlaqsızlıq” maddələri üzrə istintaq başladıb.
İstintaq materiallarına görə, 7 iyun 2023-cü ildə məhkəmə qərarı ilə bloklanan platformaya IP ünvanlarının dəyişdirilməsi yolu ilə daxil olunduğu, açıq-saçıq məzmunların ödəniş qarşılığında paylaşıldığı müəyyən edilib. Bildirilir ki, bəzi şübhəlilər şəxsi məzmunların paylaşılmasını təşviq edərək bu yolla gəlir əldə ediblər.
Araşdırma zamanı şübhəlilərin əldə etdikləri gəlirləri daşınar və daşınmaz əmlaka, kriptovalyutaya, qızıla və bank hesablarına yönləndirdikləri iddia olunur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəlilərə və onlara bağlı iki şirkətə məxsus 10 daşınmaz əmlak və 14 nəqliyyat vasitəsi daxil olmaqla ümumi aktivlərin dəyəri 257 milyon 234 min 570 TL təşkil edir. Şirkətlərin bazar kapitallaşmasının isə təxminən 500 milyon TL olduğu bildirilir.
Əməliyyat İstanbul başda olmaqla Adana, Ankara, Antalya, Edremit, Gölcük və Samsun daxil olmaqla 8 əyalətdə keçirilib. Ümumilikdə 25 nəfər barəsində həbs qərarı çıxarılıb. Onlardan 16-sı saxlanılıb. Digər 5 nəfərin xaricdə olduğu, 4 nəfərin isə başqa istintaq çərçivəsində artıq həbsdə olduğu müəyyən edilib.
Barəsində həbs qərarı çıxarılan şəxslərin adları rəsmi qurumlar tərəfindən açıqlanıb.
Faktla bağlı istintaq davam edir.
Medianews.az


