Medianews.az
“Nüvə tozu” nə deməkdir? -
112 baxış

“Nüvə tozu” nə deməkdir? - Tramp bu ifadəni tez-tez işlədir

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramından danışanda tez-tez “nüvə tozu” (“nuclear dust”) ifadəsini işlədir.

“Nüvə tozu” nə deməkdir?

Medianews.az qeyd edir ki, sualın cavabı çox sadədir: belə bir anlayış yoxdur, elmi və ya texniki terminologiyada, reallıqda “nüvə tozu” deyilən şey mövcud deyil.

Ona görə bu məsələnin üstündə baş sındırmağa dəyməz, Tramp “nüvə tozu” deyəndə İranın zənginləşdirilmiş uran ehtiyatlarını nəzərdə tutur. Yəni Tramp hətta zənginləşdirilmiş urana da özünəməxsus bir populist üslubda ad qoyub.

Uran təbii halda əsasən iki izotopdan ibarətdir: kütlənin böyük hissəsini təşkil edən, parçalanmaya az meylli uran-238 və nüvə reaksiyası üçün vacib olan uran-235. Nüvə enerjisi istehsalı və ya silah hazırlanması üçün məhz uran-235-in payı artırılır, bu proses isə zənginləşdirmə adlanır. Atom elektrik stansiyaları üçün istifadə olunan yanacaq adətən 3-5 faiz zənginləşdirilmiş olur, bu göstərici 20 faizi keçəndə rəqiblərdə strateji narahatlıqlar yaranır, 90 faiz və daha yuxarı səviyyə isə artıq nüvə silahı hazırlamaq üçün uyğun sayılır.

Bəzi ekspertlər hesab edirlər ki, istər Trampın, istərsə də onun İranla danışıqlar heyətində əsas yer tutam nümayəndəsi Stiv Uitkofun qeyri-dəqiq ifadələr işlətməsi əslində onların nüvə texnologiyasının texniki tərəflərini zəif bilmələrindən irəli gəlir. “Nüvə tozu” ifadəsi gerçəklikdə heç nəyi əks etdirməsə də, onun arxasında duran məsələ – İranın zənginləşdirilmiş uran ehtiyatları – beynəlxalq miqyasda olduqca ciddi məsələ kimi qəbul olunur.

Medianews.az

Bizə qoşulun