Tanınmış ilahiyyatçı Nihat Hatipoğlu sahur proqramında gənc izləyicinin verdiyi suala sərt reaksiya göstərib. Canlı yayım zamanı verilən "Red flag (qırmızı bayraq) qadınla danışmaq günahdır?" sualı studiyada gərginlik yaradıb.
Demokrat.az xəbər verir ki, ilahiyyatçı ilk növbədə xarici terminlərin dilimizə bu qədər daxil olmasına etiraz edib. O, dini və əxlaqi məsələlərdə hər kəsin başa düşəcəyi aydın ifadələrin istifadə edilməsinin vacibliyini vurğulayıb. Hatipoğlu münasibətlərdə əsas ölçünün xarici anlayışlar yox, milli dəyərlər, ailə quruluşu və əxlaqi normalar olduğunu qeyd edib.
Gənc izləyici sualını izah etdikdən sonra ilahiyyatçı zərərli davranışlar nümayiş etdirən şəxslərlə yaxınlıq qurmağın doğru olmadığını bildirib. O, ailə dəyərlərinə uyğun gəlməyən münasibətlərdən uzaq durmağı tövsiyə edib. Bununla belə, Hatipoğlu qeyd edib ki, əgər ortada ciddi bir mənfilik yoxdursa, ön mühakimə ilə yanaşmaq əvəzinə danışaraq həll yolu axtarmaq daha məqsədəuyğundur.