Medianews.az
Nəriman Axundzadə haqqında:
666 baxış

Nəriman Axundzadə haqqında: BİOQRAFİYA, STATİSTİKA

Dekabrın 10-da “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Bakıda keçirilən oyunda Niderlandın "Ayaks" klubuna uduzdu. Bu məğlubiyyətə görə ən çox tənqid olunan oyunçu “Qarabağ”ın hücumçusu Nəriman Axundzadədir.

Medianews.az bildirir ki, əslən Lənkərandan olan Nəriman Axundzadə 2004-cü il aprelin 23-ü Bakıda doğulub.

Lənkəranın tanınmış ustalarından olan babası Usta Nərimanın adını dəyişir. Futbolçunun digər babası Tofiq Mustafayev hərbi polis mayorudur.

Axundovlar ailəsinin sonbeşiyi olan Nəriman futbol oynamağa “Xəzər-Lənkəran” klubunda başlayıb, 12-13 yaşlarından “Qarabağ”a cəlb olunub.

U-19 və U-21 yığmalarında Azərbaycanı təmsil edib.

2022-2023 mövsümünün 12-ci turunda “Qarabağ”ın heyətində “Şamaxı”ya qarşı oyunda debüt edib. Həmin mövsüm komandasının Azərbaycan Premyer Liqasında qalib gəlməsində rol oynayıb.

Avrokuboklarda ilk qolunu Avropa Liqasının 2023-2024 mövsümünün 1/16 final mərhələsində Portuqaliyanın “Braqa” klubunun qapısına vurub. Həmin oyunda “Qarabağ” Azərbaycanın futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.

Nəriman 2022-ci ilin İslam Həmrəylik Oyunlarında Azərbaycan yığmasının heyətinə cəlb edilib. 2023-cü ilin noyabrından Azərbaycanın əsas millisində oynayır.

Nəriman Axundzadənin “Qarabağ”la 2028-ci ilə qədər müqaviləsi var.

Nəriman Axundzadə əsasən sağ vinger və hücumçu mövqelərində çıxış edir. Sürətli, texnikalı oyunçudur və sol ayağı ilə oynaması onun fərqli hücum yönləri yaratmasına imkan verir.

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi 2024-2025 mövsümündə 21 yaşdan aşağı ən məhsuldar sağ vingerlər arasında Nəriman Axundzadəni dünyada 7-ci yerdə göstərib.

Medianews.az Nəriman Axundzadə ilə bağlı bəzi statistik göstəriciləri qrafik formatda da təqdim edir:

Medianews.az xatırladır ki, UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə liqa mərhələsinin altı turu geridə qalıb. Azərbaycan təmsilçisi “Qarabağ” 7 xalla 22-ci pillədədir. Qalan iki turda “Qarabağ” Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə evdə, İngiltərənin “Liverpul” komandası ilə səfərdə görüşəcək.

Medianews.az bildirir ki, 7-8-ci turlar 2026-cı il yanvarın 20-28-nə təyin olunub.

Reqlamentə görə, 36 komandalıq yarışda ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxır. Xallar bərabər olanda ardıcıllıqla bu meyarlar əsas götürülür: top fərqi, qol sayı, səfərdə qol sayı, qələbə sayı, rəqib meydanında qələbə sayı, komandanın raunddakı rəqiblərinin göstəriciləri (xal, top fərqi, qol sayı), cəza balı (sarı və qırmızı vərəqələr), komandanın reytinqi.

1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun