Medianews.az
“Neftçi”nin baş məşqçisinin
106 baxış

“Neftçi”nin baş məşqçisinin AÇIQLAMASI

“Əlimizdən gələni edəcəyik ki, “Neftçi” layiq olduğu yerdə qərar tutsun”. Medianews.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Ukraynalı mütəxəssis əvvəlcə təlim-məşq toplanışının ilk mərhələsini dəyərləndirib: “Elə alındı ki, biz UEFA Konfrans Liqasına ikinci mərhələdən başlayacağıq. Ona görə də oyunlarımız iyulun 23-də və 30-da olacaq. Bu səbəbdən daha çox vaxtımız oldu və biz 8 günlük mikro tsiklimizə iyunun 20-də Bakıdakı təlim-məşq bazamızda başladıq. Təlim-məşq toplanışı keçdik. Düşünürəm ki, hər şey istədiyimz kimi alındı. Futbolçularla yaxşı işlədik. Birgünlük istirahətin ardından iyunun 29-da iki həftəlik təlim-məşq toplanışı keçmək üçün Sloveniyaya gedəcəyik. İyulun 14-də geri qayıdacağıq. Daha sonra bir həftəlik mikro tsikldə ilk rəsmi oyunumuza hazırlaşacağıq”.

O, yay transfer dönəmində komandaya cəlb olunmuş futbolçular haqda təəssüratlarını bölüşüb: “İnanıram ki, bu transferlər bizi daha da gücləndirəcəklər. Onlar yaxşı transferlərdir. Məsələn, Rüfət Abbasov gənc oyunçudur, millinin də üzvüdür. Onunla hər şey yeni başlayır. Biz birlikdə çalışacağıq. Bildiyimə görə “Neftçi”nin yetirməsidir. Qravilyon da yaxşı mərkəz müdafiəçisidir. Həm sağ tərəfi, həm də, eyni zamanda, altılığı və səkkizliyi bağlaya bilər. Fikrimcə, yaxşı güclənmişik. Hücuma gəlincə, Klisman kollektivə çox yaxşı qatıldı. Onunla 8 gün çalışdıq və gördüm ki, çox peşəkar insandır. Zəhmətkeş və öz üzərində işləyəndir ki, biz də elə bunu istəyirdik. Həmçinin Lyubomir Tupta elə hücumçudur ki, bütün cəhbə boyunda – həm vinger, həm mərkəz hücumçusu, hətta “10” və “8” nömrə kimi də oynaya bilər. İstəyirəm ki, bizi futbolçuların profili geniş olsun. İstəmirik ki, sadəcə sol cinah müdafiəçisi olsun. Hər mövqedə oynamağı bacarmalıdırlar və lazım olanda bunu etməlidirlər. Onlar da istənilən mövqeni bağlamağa hazırdırlar”.

Yuri Vernidub transfer işləri və “Neftçi” ilə icarə müddəti başa çatmış Freddi Varqasın mümkün keçidi ilə bağlı məlumat verib: “Mümkündür ki, hər şey istədiyimiz kimi alınsın və Varqas geri qayıdıb əvvəlki kimi komandamıza kömək etsin. Xüsusilə son 9 oyunda hücumçu mövqeyində oynayırdı. Düşünürəm ki, bununla heyətimiz daha yaxşı güclənmiş olar. İndi bu barədə başqa bir şey deyə bilməyəcəyəm, amma klub rəhbərliyi bu məsələ üzərində çalışır”.

Təcrübəli mütəxəssis onunla müqavilə müddətinin artırılmasına da münasibət bildirib: “Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə böyük etimad göstərdilər. Yeni müqavilə ilə bağlı sual verəndə onlara demişdim ki, əgər hər şey yaxşıdırsa, yeni müqaviləyə niyə qol çəkməyək?! Burada məni hər şey qane edir. Bakı gözəl şəhərdir. Azərbaycan çempionatı heç də pis deyil, hətta deyim ki, güclü çempionatdır. Komandalar qarşılarına ən yüksək hədəfləri qoyurlar. Bu, mənim üçün çox maraqlıdır. Çox yaxşı layihədir. Mən də dərhal razılıq verdim. Yeni müqavilə və göstərilən etimada görə klub rəhbərliyinə bir daha təşəkkür edirəm. Bilirsiniz ki, 1 illik müqaviləm var idi, artıq anlaşma müddəti 2 illikdir. Buna görə də məşqçi heyəti və futbolçularla birlikdə daha çox çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, “Neftçi” layiq olduğu yerdə qərar tutsun. Bu da, bilirsiniz ki, ən yüksək mövqelərdir”.

Baş məşqçi böyük dəstəyə görə azarkeşlərə təşəkkür edib: “Ağlasığmaz dəstəyə görə azarkeşlərə minnətdaram. Çempionatda bizə çox böyük dəstək verdilər. Onlarsız bizim üçün çox çətin olardı. Bununla belə, istərdim ki, bizi daha çox dəstəkləsinlər, oyunlarımıza gəlsinlər. İstərdim ki, “Neftçi”nin stadionu həmişə tam dolsun. Həqiqətən də, tribunalarda çox adam olanda, hamı bizim kluba azarkeşlik edəndə çox gözəl olur. Hər kəs üçün çox maraqlı olur. Ötən mövsümə görə azarkeşlərə bir daha təşəkkür edirəm və yeni mövsümdə daha da yaxşı olmaqlarını diləyirəm. Bizim matçlara gəlin, biz də əlimizdən gələni edəcəyik ki, sizin üçün maraqlı və sevincli olsun”.

Qeyd edək ki, "Neftçi" Yuri Vernidubla müqavilənin müddətini 2028-ci ilədək uzadıb.

Bizə qoşulun