İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibəsində Ermənistanla bağlı Bakının prinsipial mövqeyini bir daha səsləndirdi. Qeyd elədi ki, artıq de-fakto sülh var, de-yure olması isə bizdən yox, İrəvandan asılıdır.
Prezident bu mövzuda danışarkən heç kimdə illüziya saxlamadan məxsusən vurğuladı ki, Ermənistan öz konstitusiyasına lazımi dəyişikliyi edən kimi və yaxud yeni konstitusiya qəbul olunan kimi, sülh müqaviləsi imzalana bilər. Azərbaycan lideri bunun elə 2026-cı ildə mümkünlüyünü də dilə gətirdi.
Beləcə, Bakı nöqtəni qoydu. Hamıya qəti bir mesaj göndərdi ki, bu məsələdə güzəşt olmayacaq, gözləməyin...
Yada salaq ki, bir neçə gün öncə Baş nazir Nikol Paşinyan Ermənistanda parlament seçkilərinədək sülh sənədinin imzalana biləcəyini söyləmişdi. İlham Əliyevin fikirlərini nəzərə alsaq, qənaət hasil olur ki, bu, yalnız konstitusiya ilə bağlı referendum seçkilərdən önə keçiriləcəyi halda mümkündür. Yaxud seçki referendumla eyni günə salına bilər. Bütün hallarda “top” həmişəki kimi, İrəvanın meydanında.
“Amma buna baxmayaraq, hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib. Vaşinqton Zirvə Görüşündəki razılaşmalar, imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Konstitusiyaya nə qədər tez dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi o qədər də tez imzalanacaq” , - İlham Əliyev Münxendə söyləyib...
Yuxarıdakı açıqlamalar, obrazlı desək, yerdə qalan “i”-lərin də üzərinə nöqtələrin qoyulması gələn həftə Ağ Evdə keçirilməsi nəzərdə tutulan Sülh Şurasının ilk sammiti ərəfəsi (Azərbaycan və Ermənistan rəhbərləri də dəvətlidir) yetərincə mühüm önəm daşıyır. Çünki belə bir ehtimal irəli sürülmüşdü ki, sülh sənədi Trampla budəfəki görüşdə imzalana bilər. Bir növ, nöqtəni vergülə çevirmək məsələsi.

Ancaq Azərbaycan tələsmir. Bunca səbir göstərmişiksə, bir qədər də gözləyə bilərik. “Yüzə dözən yüz birə də dözər”. Təki bütün dövrlər və hakimiyyətlər üçün legitim sayılacaq bir sülh müqaviləsi imzalansın. Revanşistlər üçün geriyə yol olmasın, boşluqlar buraxılmasın, hər hansı “hüquqi” əl yeri qoyulmasın. Bu, Azərbaycanın və onun böyük acılar görmüş xalqının HAQQI!..
Hərçənd, bölgə və onun ətrafında davam edən son dərəcə həssas durum, cərəyan edən narahatedici proseslər, özəlliklə Rusiyadan postsovet ölkələrinin ünvanına bitməyən hədə-təhdidlər tələsməyi diktə edir. Bakı-İrəvan sülh sənədi nə qədər tez imzalansa, bir o qədər hər iki xalq və ümumən region xalqları üçün yaxşı olar. Ən çox da ermənilər üçün.
Yalnız ondan sonra, həm də illər sonra və iki xalqın barışığı naminə Bakıda cəza çəkən ermənilərlə bağlı hansısa amnistiyadan söhbət gedə bilər. Bu, əlbəttə ki, Azərbaycan Prezidentinin müstəsna konstitusion hüququ. O da təbii ki, həmin cinayətkarlar Azərbaycan xalqından üzr istəyəndən, peşmançılıq keçirdiklərini bəyan eləyəndən, konstitusiyamızı tanımaq da daxil, əfv ərizələri yazandan və bir də heç vaxt belə qələtlərə yol verməyəcəkləri haqda yazılı söz verəndən sonra.
Dövlət başçısı “France 24” müxbirinin bu haqda sualını da cavablandırıb. Sitat: “Bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin... Onların törətdiyi cinayət nasistlərin etdiklərindən daha pis idi”.
Yəni, erməni canilərini həbsdə saxlamağın özü elə sülhə böyük töhfədir. Nə qədər? Bu artıq “nəyi, nə vaxt, necə etməyi” yaxşı bilən Prezidentin səlahiyyətindədir. Sülhü ucuzlaşdırmaq olmaz! Barışığın qiyməti, dəyəri sanballı olmalıdır ki, qədri bilinsin...
Z. SƏFƏROĞLU