Yanvarın 6-sı Bakıda İdrak Liseyi şagirdinin odlu silahdan açdığı atəş nəticəsində liseyin gənc müəlliməsi güllə yarası alıb.
Medianews.az bildirir ki, şagirdin müəllimə atəş açması Azərbaycanda görünməmiş hadisədir.
Şagirdin müəllimə əl qaldırması, yaxud müəlliminə soyuq silahla xəsarət yetirməsi kimi bədnam əməllər də demək olar ki, ölkəmizdə baş vermir, hərçənd 2025-ci ilin aprelində Gəncədəki 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə IX və X siniflərdə oxuyan iki şagirdin tənəffüsdə onların davranışına irad bildirən müəllimi döyməsi, 2018-ci ilin avqustunda Abşeron rayonunda bir şagirdin orta məktəbdə ona dərs deyən, həm də yanına hazırlığa getdiyi müəlliminə bıçaqla xəsarət yetirməsi kimi rüsvayçı istisnalar da var.
Daha bir rüsvayçılıq 2023-cü ilin iyununda Xızı rayonunda olub. Əsgərlikdən qayıdan gənc vaxtilə orta məktəbdə ona dərs demiş və məktəbi bitirdiyi vaxt ona "3" yazmış müəllimədən bunun “qisasını” almaq kimi rəzil bir qərara gəlib və məktəbə gedərək sözün hərfi mənasında müəllimənin boğazından yapışıb. Səs-küy düşəndən sonra pəncərədən atılıb qaçsa da, tezliklə yaxalanıb.
2020-ci ilin iyununda Bərdə rayonunda bir gəncin vaxtilə orta məktəbdə ona dərs demiş müəllimi rayon mərkəzindəki bərbərxanada qayçı ilə vurması hüquqi baxımdan şəxsi zəmində münaqişələr kateqoriyasına aid olsa da, Azərbaycanda “keçmiş müəllim” anlayışı olmadığından, xəstəxanada qanaxmadan ölən müəllimin faciəsini də elə “şagird” ayağına yazmaq mümkündür.
2026-cı ilin yanvarında İdrak Liseyində baş vermiş hadisə Azərbaycanı ilk dəfə olaraq şagirdin müəllimə atəş açması insidentlərinin baş verdiyi ölkələr cərgəsinə salır. Azərbaycan həmişə belə ölkələrin xaricində olub.
Bir neçə ildir ölkəmizin quru sərhədləri bağlıdır. Bu sərhədlər nə vaxtsa açılacaq. Amma Azərbaycanın mənəvi sərhədləri – “qurudan” da, “havadan” da, “sudan” da heç vaxt müəlliminə əl qaldıran cəmiyyətlərin üzünə açılmamalı, bu sərhəd həmişə bağlı qalmalıdır!
Toğrul Əli,
Medianews.az