Aprelin 30-u saat 14 radələrində paytaxtdakı Milli Onkologiya Mərkəzində partlayış olub.
Medianews.az bildirir ki, hadisə ilə bağlı indiyədək rəsmən təsdiqlənmiş məlumatlar bunlardır:
Partlayışı onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlu qanunsuz əldə edib gəzdirdiyi partlayıcı vasitə ilə törədib;
Mübariz Əliyev həmin vasitəni Milli Onkologiya Mərkəzinin Radiologiya şöbəsində həkim Nəsirov Asif Akif oğlunu qəsdən öldürmək üçün partladıb;
Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb;
Ağır xəsarətlər almış həkim-radioloq Asif Nəsirli mayın 5-də saat 21:45-də müalicə aldığı xəstəxanada vəfat edib;
İstintaq-əməliyyat qrupu tibb sahəsində ekspertin iştirakı ilə isti izlər əsasında hadisə yerinə baxış keçirib, cinayətin izlərini əks etdirən maddi sübutlar götürülüb, meyitin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə digər zəruri prosessual hərəkətlər icra olunub;
Fakt üzrə Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb;
İbtidai istintaq davam edir, hadisənin başvermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.